COP29 BƏŞƏRİYYƏTİN İQLİM BÖHRANI İLƏ MÜBARİZƏSİNDƏ DÖNÜŞ NÖQTƏSİNƏ ÇEVRİLİR

Dünyanın üzləşdiyi iqlim böhranının təsir dairəsi və gücü getdikcə artmaqda  davam edir. Bu prosesdə son əsrlərdə antropogen amilin əsas rol oynaması da artıq çoxsaylı araşdırmalar və faktlarla sübuta yetirilib. Elə bu səbəbdən böhranın qarşısının alınması üçün dünya ölkələrinin təcili qərarlar qəbul edib əməli addımlar atmasına indi həmişəkindən daha böyük zərurət var. Daha bir vacib məqam da ondan ibarətdir ki, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılması üçün əvvəllər qəbul edilən qərarların artıq icra olunması  mühüm şərt kimi çıxış edir. Qeyd olunanlar kontekstində Azərbaycanın ev sahibliyi etdiyi COP29 həm də buna xidmət edir.

COP29 çərçivəsində aparılan müzakirələr, səslənən fikirlər, əldə edilən razılıqlar onu göstərir ki, bu tədbir bəşəriyyətin iqlim böhranı ilə mübarizəsində dönüş nöqtəsi olacaq. Xüsusən də böhranın mənfi fəsadlarının aradan qaldırılmasının maliyyə istiqaməti üzrə problemlərin həllində məhz COP29-da həlledici qərarların qəbulu nəzərdə tutulur. Hətta Paris İqlim Sazişinin bu xüsusda əsas müddəasının yenə COP29 razılaşmalarından sonra nəhayət ki, icraya yönləndirilməsi gözlənilir. Təsadüfi deyil ki, COP29 tədbirində iqlimlə bağlı Paris Sazişinin 6-cı maddəsi əsas müzakirə mövzuları sırasında yer alır. Həmin sazişin 6-ci maddəsinin 2-ci, 4-cü və 8-ci  bəndləri böyük önəm kəsb edir. Bunlar aşağıdakıları ehtiva edir: Maddə 6.2: Ölkələrə iqlim dəyişikliyinin qarşısının alınması nəticələrini ikitərəfli şəkildə bölüşməyə və onlardan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin bir hissəsi kimi istifadə etməyə imkan verir; Maddə 6.4: Yüksək keyfiyyətli karbon kreditlərinin təsdiqlənməsi, yoxlanılması və buraxılması üçün yeni bir mexanizm yaradır; Maddə 6.8: Ölkələrə karbon bazarlarına etibar etmədən öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinə nail olmaq üçün əməkdaşlıq etmək imkanı verir.

Paris İqlim Sazişinin imzalanmasından 9 il keçməsinə baxmayaraq, sözügedən maddənin göstərilən bəndləri üzrə ölkələr arasında razılıqların əldə edilməsi COP29-a qədər mümkün olmamışdı. Ancaq Azərbaycanın təşəbbüs və fəaliyyəti ilə artıq tamam fərqli mənzərə müşahidə edilir. COP29-un prioritetlərindən birini təşkil edən Paris Sazişinin 6-cı maddəsi üzrə Bakıda əldə olunan razılıqlar bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsində yeni bir mərhələnin başlanmasını şərtləndirəcək. Bunlar fonunda təsadüfi deyil ki, BMT-nin Baş katibi Antonio Quterreş COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atıldığını qeyd edir: “İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır”.

Atılan addımlar, görülən işlər qlobal temperatur artımının 1,5 dərəcədə saxlanılmasının mümkünlüyünə olan ümidləri də artırır. Qeyd olunmalıdır ki, Paris İqlim Sazişinin məqsədi planetin qlobal orta temperaturunun 2100-cü ilə qədər sənayedən əvvəlki səviyyədən  iki dərəcə Selsidən çox keçməsinin qarşısını almaq və istiləşməni 1,5 dərəcə daxilində saxlamaq üçün tədbirlər görməkdir. Kioto Protokolundan fərqli olaraq, bu sənəddə bütün dövlətlər istixana qazı emissiyalarının azaldılması üçün məsuliyyət daşıyırlar. Paris İqlim Sazişi 2016-cı il aprelin 22-dən 2017-ci il aprelin 21-dək imzalanmaq üçün açıq olub və 2016-cı ilin noyabrın 4-də qüvvəyə minib. Saziş onun yerinə yetirilməsinə nəzarət mexanizmini və onun həyata keçirilməsi üçün icra tədbirlərini nəzərdə tutmur.  Bu fonda barəsində bəhs olunan 6-cı maddənin icrasında indiyə kimi problemlər müşahidə olunub. Elə bu da Paris İqlim Sazişinin müəyyən istiqamətlər üzrə qeyri-işlək olmasına, nəticədə iqlim böhranının daha da dərinləşməsinə səbəb olub. İndi bütün bu məsələlərin həlli COP29-da öz çözümünü tapır. Xüsusən də 6-cı maddənin müvafiq bəndləri üzrə razılıqlar iştirakçılara Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini həyata keçirmək məqsədilə könüllü şəkildə əməkdaşlığa və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyini səfərbər etməyə imkan verir.

Müvafiq razılıq inkişaf etməkdə olan ölkələr, xüsusən də kiçik ada dövlətləri üçün olduqca vacibdir. İlk növbədə o baxımdan ki, karbon bazarlarının tənzimlənməsi nəticəsində inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan iqlim maliyyələşməsinə çıxış asanlaşacaq. Ən əsası isə bu, iqlim dəyişmələrinə qarşı mübarizədə bəşəriyyətin daha uğurlu nəticələr əldə etməsinə  gətirib çıxaracaq. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesablamalarına əsasən, qlobal temperaturun artımını 1,5 dərəcə Selsidə məhdudlaşdırmaq mümkün olarsa, dəniz səviyyəsinin yüksəlməsinə görə evini itirmə riski olan insanlardan 10 milyon nəfəri bu təhlükədən xilas olacaq, su çatışmazlığı yaşayan insanların sayı 50 faiz azalacaq və mərcan rifi itkisi 99 faizdən 70 faizə düşəcək. Bunun üçün ölkələrin iqlimlə, xüsusən də sözügedən müstəvidə maliyyə ilə bağlı öhdəliklərini icra etməsi əsas şərtlərdən biridir.  COP29-da aparılan müzakirələrdə əldə olunan razılıqlar göstərilən məsələlərin səmərəli həllini tapmasına dair ümidləri artırır. Bu da öz növbəsində bəşəriyyətin iqlim böhranı ilə mübarizəsində mühüm nailiyyətlərə imza atmasını şərtləndirən başlıca faktorlar sırasında yer alır.

MTM Analitik Qrup