SİYASİ RİYAKARLIQ HAZIRKİ FRANSA HÖKUMƏTİNİN ƏSAS İDARƏETMƏ ÜSULUDUR

Qlobal iqlim dəyişikliklərinin geniş müzakirə olunduğu COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi vəziyyətlə bağlı Azərbaycan Prezidentinin Bakıdan verdiyi bəyanat müstəmləkə zülmündən əziyyət çəkən regionlarda böyük əks-səda yaradıb. Prezident İlham Əliyev bildirib ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Bununla belə dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verdiyini, COP29-un sədri kimi onları dəstəkləyəcəyini və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcəyini də bildirib.

Əslində Azərbaycan Prezidentinin haqqında bəhs etdiyi vəziyyət çoxdan müşahidə olunsa da Fransa və Niderland hər zaman bu məsələnin üstündən sükutla keçməyə, hələ də müstəmləkə münasibəti göstərdikləri kiçik ada dövlətlərində ictimai, siyasi, sosial-iqtisadi problemləri ört-basdır etməyə, daha doğrusu bunu dünya ictimaiyyətindən gizlətməyə çalışır. Lakin artıq dünya dəyişib və kiçik ada dövlətləri də Fransa və Niderlandın bu siyasətinə dözmək fikrində deyillər. Çünki Fransa XX əsrdə genişmiqyaslı nüvə sınaqları keçirən ölkələrdən biridir və bu sınaqlar əsasən Fransanın dəniz aşırı ərazilərində — Polineziya, Yeni Kaledoniya və Əlcəzairdə həyata keçirilib. Bu sınaqlar qlobal və regional ekologiyaya ciddi təsir göstərib, həmçinin ətraf mühitin çirklənməsinə və iqlim dəyişikliyinin sürətlənməsinə səbəb olub. Fransa ilk nüvə sınaqlarını Əlcəzairdə, Saxara səhrasında yerləşən Reqqan və İn Ekker sınaq poliqonlarında həyata keçirib. 1960-cı ildə başlayan və altı il davam edən sınaqlar Əlcəzair xalqının rəyini nəzərə almadan baş tutub. “Gerboise Bleue” atmosfer sınağının təsiri nəticəsində geniş ərazilər radioaktiv maddələrlə çirklənmişdi.

Əlcəzair müstəqillik qazandıqdan sonra Fransa nüvə sınaqlarını Polineziyada yerləşən Mururoa və Fanqataufa atollarında davam etdirdi, orada 193 atmosfer və yeraltı sınaq həyata keçirildi. Sınaqların miqyası və uzunmüddətli təsirləri böyük ekoloji fəlakətlərə yol açdı və regionda ekoloji tarazlığı ciddi şəkildə pozdu. Yeni Kaledoniyada rəsmi olaraq genişmiqyaslı nüvə sınaqları həyata keçirilməsə də, Fransız Polineziyasındakı sınaqların təsiri bu bölgəyə də yayıldı. Regionun ekosistemi və yerli əhali bu təsirlərin ağır nəticələri ilə üz-üzə qaldı.

Nüvə sınaqları nəticəsində ətraf mühitə böyük miqdarda radioaktiv izotoplar, xüsusilə Sezium-137, Stronsium-90 və Plutonium yayıldı. Bu maddələr torpağa, suya və havaya daxil olaraq ətraf mühitin çirklənməsinə səbəb oldu. Əlcəzairdə keçirilən atmosfer sınaqları nəticəsində radioaktiv hissəciklər külək vasitəsilə geniş ərazilərə yayıldı. Səhra ətrafındakı bölgələr, o cümlədən Şimali Afrika və Aralıq dənizi ətrafındakı ölkələr radioaktiv yağışlarla üzləşdi. Polineziyada yeraltı sınaqlar yeraltı su təbəqələrinin çirklənməsinə səbəb oldu və okeanın ekosisteminə zərər verdi. Mururoa atolunda sınaqlar nəticəsində meydana gələn çatlar, radioaktiv sızıntılara səbəb olaraq, ekosistemin çirklənməsinə gətirib çıxardı. Bundan əlavə, Polineziyada nüvə sınaqları dəniz canlılarının yaşayış mühitinə ciddi təsir göstərdi. Atolların ətrafında suyun radioaktiv çirklənməsi balıq populyasiyalarını azaltdı və yerli balıqçılıq sənayesinə ziyan vurdu. Radioaktiv maddələr dəniz canlılarının orqanizmində toplandı və qida zəncirinə daxil oldu. Bu, yerli sakinlərin və dəniz məhsullarını istehlak edən insanların sağlamlığına mənfi təsir göstərdi.

İndi elə bir vəziyyət yaranıb ki, Polineziyada radioaktiv sızmaların dəniz ekosistemlərinə təsiri karbonun okeanların dərinliklərinə daşınmasını yavaşlada bilər. Bu, qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində əhəmiyyətli bir maneədir. Çünki okeanlar karbon qazının udulmasında böyük rol oynayır. Digər tərəfdən Əlcəzairdə keçirilən sınaqlar nəticəsində yerli əhali radioaktiv təsirlərə məruz qalıb, bu isə müxtəlif xərçəng növlərinin və genetik xəstəliklərin artmasına səbəb olub. Əlcəzairin müstəqillik qazandığı dövrdə bu mövzuda geniş məlumat verilməsə də, sonradan aparılan araşdırmalar radioaktiv çirklənmənin əhəmiyyətli dərəcədə sağlamlıq problemlərinə səbəb olduğunu ortaya qoyub. Polineziyada da yerli əhali arasında xərçəng və digər xroniki xəstəliklərin artması müşahidə edilib. Bu bölgələrdə sınaqların nəticəsi olaraq körpələrdə doğuş qüsurları və genetik mutasiyalar artıb.

Nüvə sınaqları yerli əhalinin öz torpaqlarından məcburi köçürülməsinə də səbəb olub. Məsələn, Polineziyada Mururoa və Fanqataufa atollarında yaşayan sakinlər öz torpaqlarını tərk etməyə məcbur qalıb, onların yaşayış mənbələri və həyat tərzi dəyişib. Ekoloji fəlakətlər yerli iqtisadiyyatlara, xüsusilə balıqçılıq və turizm sektorlarına böyük ziyan vurub. Bu da bölgənin sosial-iqtisadi vəziyyətini daha da pisləşdirib. Məhz belə bir vəziyyəti yaradan Fransanın COP29-a qatılan ətraf mühit naziri Anyes Panye-Rünaşenin Azərbaycan Prezidenti tərəfindən səsləndirilən acı reallığa dözümsüzlük göstərərək sammiti tərk etməsi dünya birliyinə hörmətsizlik olmaqla yanaşı, Parisin ifşa olunmaqdan çəkindiyini və bundan ciddi narahat olduğunu sübut etdi. Fransa hökuməti bu addımı ilə bir daha təsdiqlədi ki, siyasi riyakarlıq hazırki Fransa hökumətinin əsas idarəetmə üsuludur. 

MTM Analitik Qrup