İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişikliklərinin təsirinə digərləri ilə müqayisədə daha çox məruz qalması onların müdafiəsinə beynəlxalq diqqətin artırılmasını tələb edir. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədlərindən biri də budur. Qeyd edilməlidir ki, Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib. Burada kiçik ada dövlətlərinin iqlim böhranından nə dərəcədə təsirlənməsi beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzinə gətirilib. Azərbaycanın kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri ilə bağlı üzləşdiyi problemləri istər COP29 ərəfəsində, istərsə də konfransın gedişində xüsusi qabartması təsadüfi xarakter daşımır.
Təəssüf ki, neçə ildir, həyəcan təbilinin çalınmasına baxmayaraq, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün adekvat sürətdə addımlar atmır. Bunun mənfi fəsadları isə kiçik ada ölkələrinə daha çox təsir edir. Burada nəzərə alınması vacib nüanslardan biri də odur ki, ada dövlətləri xüsusilə bərpa olunan enerji sektorunda böyük inkişaf potensialına malikdir. Belə vəziyyətdə onların enerji istehlakının 90 faizindən çoxunun xaricdən gətirilən karbohidrogen resursları hesabına təmin edilməsi təkcə ekoloji problemlər yaratmır, həm də belə ölkələrin büdcəsi üzərində əlavə maliyyə yükü formalaşdırır. Bu səbəbdən bəzi ada ölkələrinin sakinlərinin hələ də elektrik enerjisinə çıxışı yoxdur. Mümkün alternativ yerli bərpa olunan enerji mənbələrindən istifadə etməkdir. Külək, günəş, su, yerin istiliyi kimi mənbələr burada ən yaxşı çıxış yolu hesab olunur. Bununla belə, inkişaf etməkdə olan kiçik ada dövlətlərində bu cür layihələri davamlı şəkildə maliyyələşdirmək və inkişaf etdirmək üçün lazım olan maliyyə imkanları yoxdur. Azərbaycan məhz kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı üzləşdiyi problemin maliyyə müstəvisi ilə bağlı hissəsinin həllinə çalışır. Hələ COP29-dan əvvəl Azərbaycan bu məsələni mütəmadi olaraq gündəmə gətirib. Prezident İlham Əliyev bu il oktyabrın 10-da Bakıda keçirilən Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı müraciətində sözügedən xüsusda qeyd edib: “Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir. Bununla belə qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir”. Ölkəmiz artıq Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
Gözlənilir ki, COP29-un yekununda kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsi üçün maliyyə ehtiyaclarının qarşılanmasında müvafiq qərarlar qəbul olunacaq. Azərbaycanın bu istiqamətdə təşəbbüslərinə beynəlxalq miqyasda da böyük dəstək ifadə olunur. Bununla yanaşı, Azərbaycan iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın “Azərkosmos” vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstərməyi planlaşdırır. Nəticədə kiçik ada dövlətləri iqlim böhranına qarşı daha səmərəli mübarizə aparmaq imkanları əldə edəcəklər. Sözügedən ölkələrin iqlim böhranı nəticəsində üzləşdiyi digər problemlərin həlli istiqamətində də Azərbaycan tərəfindən müvafiq adımlar atılır.
Bu dövlətlərin Azərbaycanın gündəmə gətirdiyi problemlərindən biri də onların müstəmləkəçilik səbəbindən üzləşdiyi fəlakətlərdir. Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bu məsələyə geniş şəkildə toxunub. Dövlət başçısı neokolonializm və ekoloji böhran arasında bağlılıqdan geniş bəhs edib, bunu konkret misalların nümunəsində əsaslandırıb: “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər”. Qeyd edilənlərlə yanaşı, metropoliyalardakı rejimlərin kiçik ada dövlətlərinin ekoloji sistemlərinə vurduğu zərər barədə də konkret nümunələr Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırılıb. Bu fonda bəlli olub ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib: “Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”. Bu və digər hallar iqlim dəyişmələrinin və müstəmləkəçiliyin mənfi təsirinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemlərinə daha çox diqqət olunmasını tələb edir. Azərbaycanın COP29 çərçivəsində nail olmaq istədiyi əsas məsələlərdən biri də məhz budur. Təbii ki, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin artması və müvafiq qərarların qəbulu kiçik ada dövlətlərinin üzləşdiyi böhranın mümkün qədər tez aradan qaldırılmasına xidmət edir. Bu, Azərbaycanın, ümumən isə COP29-un əsas məqsədlərindən biridir.
MTM Analitik Qrup