Dünyanın xüsusi diqqət mərkəzində olan COP29 konfransı çərçivəsində təhlükəsizlik problemlərinin iqlim dəyişikliklərinə təsirinə dair aparılan müzakirələr bir sıra obyektiv çağırışlara əsaslanır. Rəsmi Bakı mötəbər konfransı sülh və atəşkəs tədbiri elan etməkdə, münaqişə və müharibələrin qlobal ekosistemə mənfi təsirlərini, eləcə də bu sahədəki problemlərinin həlli baxımından sülh və dialoqun, sivilizasiyalararası həmrəyliyin vacibliyini ön plana çəkir.
COP29 iqlim dəyişikliyi nəticəsində yarana biləcək münaqişələrin qarşısının alınması və mövcud gərginliyin ekosistemə təsirinin azaldılması üçün beynəlxalq əməkdaşlığı təşviq edən mühüm platformadır. Ölkəmizin yanaşması bundan ibarətdir ki, dünyadakı müharibə və münaqişələrin mövcudluğu şəraitində qlobal iqlim dəyişmələrinə yönəlmiş beynəlxalq əməkdaşlığın əhəmiyyəti azalır.
Azərbaycan COP29 konfransında bəzi Qərb ölkələrinin müstəmləkəçilik və kolonializm siyasətinə qarşı barışmaz mövqeyini də açıq ifadə edir. Problemin ciddiliyi həm də onunla şərtlənir ki, bəzi dövlətlərin imperalizm və müstəmləkəçilik siyasəti iqlim dəyişmələrinə qarşı kollegial mübarizəyə neqativ təsir göstərir. Kolonializm siyasəti inkişaf etməkdə olan kiçik ada dövlətlərinin zəngin təbii sərvətlərinin talanmasına, qeyri-qanuni yolla mənimsənilməsinə hesablanıb ki, bu da qlobal iqlim problemlərinə rəvac verən əsas amillər sırasındadır.
Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı neokolonializmin iqlim dəyişmələrinə təsirindən söz açıb. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, rəsmi Paris tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı deyib ki, bu ölkə bir vaxtlar işğal etdiyi Əlcəzairdə 17 nüvə sınağı aparıb, planetin ekosisteminə böyük zərər vurulub: “Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri metropoliya hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.
Qeyd edilən problemlərin həlli üçün Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim müzakirələrində səs hüququna malik olmasına çalışır. Eyni zamanda, COP29-a sədrliyi çərçivəsində həmin dövlətlərdə ekoloji problemlərin həllinə dəstək verilməsi və maliyyə ayrılması təşəbbüsləri ilə çıxış edir. Qlobal tədbir zamanı inkişaf etməkdə olan dövlətlərin zirvə toplantısının keçirilməsinin təşəbbüskarı da məhz respublikamızdır.
Rəsmi Bakının bu cür qlobal problemləri diqqət mərkəzinə gətirməsi həm də iqlim fəaliyyəti və qlobal ekoloji təhlükəsizlik baxımından sülhün və sabitliyin vacib roluna diqqəti cəlb etmək məqsədi daşıyır. Hazırda hər bir dövlətin iqlim müzakirələrində səmimi iştirakının əsas göstəricilərdən biri də onun qlobal miqyasda münaqişələrin həllinə verdiyi töhfələrlə ölçülür. Bu mənada, müxtəlif əsassız bəhanə və qərəzli iddialar səsləndirərək, COP29-da iştirak etməyən ölkələrin iqlim problemlərinin həllində qeyri-səmimiliyi özünü qabarıq büruzə verir.
Azərbaycan təşkilatçı və ev sahibi kimi, COP29-da iştirak etmək üçün bütün dövlətlərə, o cümlədən Ermənistana rəsmi dəvət göndərib. Mötəbər tədbir ərəfəsində “sülhə maraqlı ölkə” imitasiyası yaradan, COP29-a qədər yekun sülh sazişinin imzalanması mümkünlüyündən danışan Ermənistan rəsmilərinin bu dəvəti adekvat dəyərləndirməməsi rəsmi İrəvanın istər regional sülh, istərsə də iqlim dəyişiklikləri ilə mübarizə məsələlərində qeyri-səmimiliyini nümayiş etdirir. Bu cür yanaşmalar regionda sülh və etimad quruculuğu prosesinə xələl gətirir.
Şübhəsiz, Ermənistanın və onun havadarlarının bu mötəbər tədbirdə iştirak edib-etməməsi rəsmi Bakını qətiyyən narahat etmir. Dövlətimizin başçısı İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşündə Ermənistana COP-da iştirak etmək üçün rəsmi dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirib. Prezident İlham Əliyev COP29-un rəsmi açılışı zamanı boykotu təşviq edən dairələrin məkrli niyyətlərinin baş tutmadığını, mötəbər tədbirdə 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min nəfərin iştirak etdiyini bildirib.
Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistanın COP29-la bağlı siyasi qısqanclığının, narahatlığının və tədbir əleyhinə kampaniyaların əsas iştirakçılarından biri olmasının səbəbləri kifayət qədər üzdədir. Bakıda təşkil edilən qlobal tədbir Ermənistanın işğal dövründə mütəşəkkil və planlı şəkildə reallaşdırdığı ekosid cinayətinin fəsadlarının dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır. Azərbaycan ərazilərinin işğalına son qoymaqla, Ermənistanın ağır müharibə cinayətlərini davam etdirməsininin, təbii sərvətlərimizi vandalcasına talamasının, ekoloji terrorunun qarşısını alıb. COP29 iştirakçılarının müəyyən qrupunun azad edilmiş ərazilərə səfərinin təşkili də bu ölkənin ekosid siyasətinin mahiyyəti və miqyası ilə bağlı dünya ictimaiyyətində dolğun təsəvvür yaradır.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğal altında saxladığı ərazilərdə ciddi ekoloji problemlər yaratdıqlarını, təbii sərvətləri qanunsuz olaraq taladıqlarını və bütün bunlara görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlarını dəfələrlə bəyan edib. COP29 çərçivəsində aparılan müzakirələr ölkəmizin informasiya cəbhəsindəki üstünlüyünü daha da gücləndirir, Ermənistanın müharibə cinayətlərini ifşa edir.
Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqi ilə bağlı hazırlanmış hesabat təcavüzkar ölkənin nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqaz regionunun ekologiyasını korladığını, dağ-mədən yataqlarının istismarı zamanı beynəlxalq normaları pozduğunu növbəti dəfə təsdiqləyib. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə COP29 çərçivəsində jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanla transsərhəd çayların – Oxçuçayın, Arazın zərərli tullantılarla çirkləndirilməsinə qarşı ölkəmiz tərəfindən arbitraj prosesi başlanılıb, qarşı tərəfin məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilir.
MTM Analitik Qrup