COP29-un sədri qismində Azərbaycanın əsas hədəflərindən biri də enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid istiqamətində reallaşdırdığı nəhəng layihələri, habelə bu sahədəki mövcud potensialını qlobal auditoriyaya çatdırmaqdır. Mötəbər tədbirin rəsmi açılışı çərçivəsində Prezident İlham Əliyevin bir sıra Avropa və Mərkəzi Asiya dövlətlərinin başçıları ilə keçirdiyi görüşlər, aparılan müzakirələr bu baxımdan xüsusilə diqqəti cəlb edir.
Mühüm neft və qaz hasilatçısı olan Azərbaycan yaşıl enerjiyə sürətli keçiddə maraqlı olduğunu, bu məqsədin reallaşdırılmasına xidmət edən iri investisiya layihələrini uğurla reallaşdırdığını göstərir. COP29 çərçivəsində əsas məqsədlərdən biri də məhz ölkəmizin bərpa olunan enerji mənbələri barədə dolğun təsəvvür yaratmaq, gələcəkdə yaşıl enerjinin ixracı və tranziti sahəsində aparıcı ölkələrdən birinə çevrilmək iddiasını nümayiş etdirməkdir. Son bir neçə ildə bu sahəyə yönəldilmiş yaşıl investisiyaların həcminin 1 milyard dollardan artıq olması da deyilənlərə əyani sübutdur.
Dövlət başçısı İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı bir sıra mühüm məsələlərlə yanaşı, ölkəmizin tərəfdaşları ilə birgə reallaşdırdığı layihələrdən də söz açıb. Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.
Xüsusi vurğulamaq lazımdır ki, yaşıl enerji dəhlizlərinin müzakirəsi COP29 Sədrliyinin 14 əsas təşəbbüsündən biridir. Bu günlərdə konfrans çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Liderlər Sammiti, həmçinin “Mərkəzi Asiya ölkələri üçün İnvestisiya Forumu” bərpa olunan enerjinin tədarükü ilə bağlı regional təşəbbüslərə qlobal marağın cəlb edilməsi baxımından mühüm platformalar olacaq.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. COP29 çərçivəsində aparılan müzakirələr təsdiqləyir ki, respublikamızın təşəbbüsü ilə regionda həyata keçirilən yaşıl enerji layihələri Azərbaycanın qlobal təchizatda sabitləşdirici rol oynamasına zəmin yaradıb. 2030-cu ilədək yaradılacaq azı 7 QVt yaşıl enerji güclərinin 70 faizindən çoxunun ixraca yönəldilməsi məqsədilə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir.
Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycan Avropa ölkələrinə ilkin mərhələdə 4 QVt “yaşıl enerji” tədarük edəcək. Avropanın bir sıra aparıcı ölkələrinin liderlərinin COP29-da fəal iştirak etmələri də, ilk növbədə, rəsmi Bakı ilə əməkdaşlığa verilən yüksək önəmin göstəricisidir. Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları son aylarda rəsmi Bakı ilə yaşıl enerji əməkdaşlığının əhəmiyyətinə diqqət çəkiblər. Bunu zəruri edən səbəblərdən biri də respublikamızın etibarlı, sabit mövqeyə malik biznes tərəfdaşı olması, zəngin neft və qaz resurslarından heç zaman siyasi alət kimi istifadə etməməsidir.
Xatırladaq ki, 2022-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Azərbaycanın alternativ mənbələr hesabına istehsal edəcəyi “yaşıl enerji”nin Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə çəkiləcək 1100 kilometrlik sualtı kabel vasitəsilə Avropa ölkələrinə ixracını nəzərdə tutur. Layihə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, təchizat mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadəyə geniş imkanlar açıb.
Avropaya ilkin mərhələdə 4 giqavat “yaşıl” enerji ixracına imkan verəcək layihənin texniki-iqtisadi əsaslandırılmasının bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının bu günlərdə COP29 çərçivəsində keçiriləcək “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdimatı planlaşdırılır. Gələn ildən isə meqalayihənin reallaşdırılması istiqamətində praktiki fəaliyyətə start veriləcək.
Ölkəmizin reallaşdırdığı layihələr Mərkəzi Asiya ölkələrinin Qərbə yaşıl enerji ixracı üçün də münbit şərait yaradacaq. Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda, həmin ölkələr 2030-cu ildən etibarən istehsal etdikləri elektrik enerjisini Avropaya ixrac edə biləcəklər. COP29 çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı da gözlənilir. Hər iki dəhliz bərpa olunan enerji sistemində regionları və qitələri əlaqələndirərək, Xəzər və Mərkəzi Asiya regionlarından Avropaya “yaşıl enerji”nin ötürülməsinə imkan verəcək.
Bundan əlavə, “Azərbaycan-Türkiyə-Avropa” dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan Türkiyə və Avropaya elektrik enerjisinin ötürülməsinə geniş imkanlar açır, yaşıl zona elan edilən Naxçıvandan 1 giqavat gücündə bərpa olunan enerjinin ixracını nəzərdə tutur. Bu və digər layihələr Azərbaycanın enerji keçidini sütrətləndirmək və “yaşıl enerji” ixracında regional liderə çevrilmək iddiasının real əsaslara söykəndiyini göstərir.
Ümumiyyətlə, rəsmi Bakının yaşıl enerji strategiyası qısa zamanda Azərbaycanın həm Avropa, həm müsəlman, həm türk dünyası, həm də Yaxın və Uzaq Şərq ölkələri ilə əlaqələrinə ciddi təkan verib. COP29 çərçivəsində müzakirə olunan və imzalanacaq sənədlər isə qlobal əməkdaşlıq halqası formalaşdırır.
MTM Analitik Qrup