Şamaxı şəhəri Heydər Əliyev Parkında karantin qaydalarına əməl olunmaqla ali məktəblərə yüksək balla qəbul olunmuş gənclərin bir qrupu ilə görüş keçirilib.
Görüşdə çıxış edən rayon icra Hakimiyyətinin başçısı Tahir Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsil strategiyasının uğurla həyata keçirilməsindən danışıb, tələbə adını qazanan məzunları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova görüşdə gəncləri təbrik edərək dövlətimizin gələcəyi, daha da çiçəklənməsi və inkişafı naminə ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə biliklərə daha mükəmməl yiyələnməyi, bunun üçün səylə çalışmağı onlara tövsiyə edib.
Tədbirdə yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub və qiymətli hədiyyələr verilib.