PREZİDENT İLHAM ƏLİYEV KÜVEYT DÖVLƏTİNİN VƏLİƏHDİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

Qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirib.

O, dövlətimizin başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğulayıb.

Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olunub, turizm sahəsində əməkdaşlığa toxunulub, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulanıb.

Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.