Dünya miqyasında iqlim böhranı və onun nəticələri getdikcə daha da güclənir. Atmosferin istiləşməsi, okeanların səviyyəsinin qalxması və hava şəraitinin ekstremal dəyişiklikləri təbiətə və insan həyatına ciddi ziyan vurur. Bu problemlərin həlli üçün isə qlobal səviyyədə koordinasiya və maliyyə resurslarının səfərbər edilməsi zəruridir. Bakıda keçirilən COP29 sammiti də bu istiqamətdə mühüm addım ola bilər. Çünki COP29-un gündəmində duran əsas məsələlərdən biri dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə öhdəliklərinin necə həll ediləcəyi ilə bağlıdır. İndi Bakıya toplaşan dünya liderləri və beynəlxalq maliyyə qurumlarının rəhbərləri Paris Sazişinin məqsədlərinə nail olmaq üçün lazım olan maliyyə öhdəliklərinin yenidən nəzərdən keçirilməsi və artırılması üzərində işləyir.
2015-ci ildə imzalanan Paris Sazişinə görə, inkişaf etmiş ölkələr hər il 100 milyard dollar dəyərində iqlim maliyyəsi təmin etməyi öz öhdələrinə götürdülər. Lakin bu vəsaitin tam toplanması və effektiv istifadəsi hələ də problem olaraq qalır. COP29-da isə bu rəqəmin artırılması və daha dayanıqlı maliyyə mexanizmlərinin yaradılması müzakirə olunur. Bu baxımdan Bakı sammitində nəzərdə tutulan əsas addımlar inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsi imkanlarının genişləndirilməsi, qrantlar, kreditlər və xüsusi fondların yaradılması ilə qlobal səviyyədə maliyyə dəstəyinin artırılması, maliyyə vəsaitlərinin effektiv istifadəsini təmin etmək üçün yeni hesabat mexanizmlərinin yaradılmasıdır.
Maliyyə öhdəliklərinin artırılması iqlim böhranı ilə mübarizədə vacib addımdır. Lakin bu yanaşmanın effektivliyinə dair müəyyən suallar qalır. Belə ki, maliyyə vəsaitlərinin artırılması ilə yanaşı, onların effektiv şəkildə istifadə edilməsi də əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələr tərəfindən təmin edilən maliyyə vəsaitlərinin böyük hissəsi bürokratik maneələr səbəbindən gecikdirilir və ya inkişaf etməkdə olan ölkələrə çatdırılmadan əvvəl müxtəlif xərclərə sərf olunur. Əsas problemlərdən biri ayrılan maliyyə vəsaitlərinin real layihələrə yönəldilməməsi və ya yetərsiz layihələrə sərf edilməsidir. İnkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımlarının bir çoxu layihələrin davamlılığına deyil, qısamüddətli və nəticəsiz həllərə yönəlir. Digər tərəfdən, infrastrukturun zəif olduğu ölkələrdə ayrılan vəsaitlərin monitorinqi və istifadəsi çətin olur ki, bu da resursların səmərəsiz istifadəsinə gətirib çıxarır.
Hazırkı maliyyə mexanizmləri çox vaxt mürəkkəbdir və kiçik ölkələr üçün əlçatmazdır. İnkişaf etməkdə olan ölkələrin çoxu mürəkkəb beynəlxalq maliyyə prosedurlarına uyğunlaşa bilmədiyindən, ayrılan vəsaitlərdən tam istifadə edə bilmir. Qlobal maliyyə öhdəlikləri əsasən dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ödənilir. Lakin özəl sektorun bu prosesdə iştirakının artırılması maliyyə resurslarının daha səmərəli istifadəsini təmin edə bilər. Bakı sammitində özəl sektorun iqlim maliyyələşdirməsinə daha fəal şəkildə cəlb olunması üçün təşviq mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Bakı sammitində dünya ölkələri yeni hədəflər müəyyən edərək, mövcud maliyyə mexanizmlərini təkmilləşdirmək üçün bir sıra təkliflər irəli sürəcək. Məsələn, inkişaf etmiş ölkələrin böhranın aradan qaldırılmasında daha çox məsuliyyət daşıdığı nəzərə alınaraq, Qlobal İqlim Fondu yaradılacaq. Bu fond, xüsusilə iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr üçün nəzərdə tutulub. Digər tərəfdən qlobal maliyyə bazarlarında iqlim layihələrinə maliyyə dəstəyini təmin etmək və özəl sektoru bu prosesə cəlb etmək qarşıda duran əsas vəzifədir. İnkişaf etməkdə olan ölkələrə innovativ texnologiyaların transferinin sürətləndirilməsi üçün yeni fondların yaradılması da diqqət mərkəzindədir.
Beləliklə, COP29 dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə daha güclü maliyyə öhdəlikləri götürməsini və bu vəsaitlərin daha effektiv şəkildə istifadə edilməsini təmin etmək üçün vacib bir platforma olacaq. Maliyyə öhdəliklərinin artırılması problemi həll etmək üçün ilk addım olsa da, resursların səmərəli istifadəsi, şəffaflıq və hesabatlılıq təmin olunmadıqca, bu öhdəliklərin real təsir gücü məhdud qalacaq. Yox, əgər bu təkliflər həyata keçirilərsə, dünya iqlim böhranına qarşı mübarizədə daha güclü və koordinasiyalı addımlar atmağa müvəffəq olacaq.
MTM Analitik Qrup