COP29 AZƏRBAYCANIN BEYNƏLXALQ  MÜNASİBƏTLƏR SİSTEMİNDƏ  MÖVQEYİNİ DAHA GÜCLÜ HALA GƏTİRƏCƏK

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öz işinə başlaması, dünyanın müxtəlif ölkələrinin təmsilçilərinin qlobal əhəmiyyətli bu tədbirdə iştirakı beynəlxalq diqqəti Azərbaycan üzərində cəmləşdirib. Belə vəziyyət Azərbaycanın dünyada daha yaxından tanıdılmasına və təbliğinə xidmət etməklə yanaşı, ölkəmiz qarşısında yeni əməkdaşlıq perspektivləri də açır. Bu mənada tamamilə gözləniləndir ki, COP29 çərçivəsində və ondan sonra Azərbaycanın beynəlxalq əməkdaşlıq  əlaqələrində yeni bir mərhələ başlanacaq.

COP29-a ev sahibliyi edən Azərbaycan iqlim böhranının aradan qaldırlması məqsədilə beynəlxalq dialoq üçün neytral və əlçatan platforma təmin edib.  Eyni zamanda Azərbaycan tədbir çərçivəsində fərqli göstəricilərə malik ölkələr arasında əməkdaşlıq mühitinin yaradılması istiqamətində də müvafiq addımlar atıb. Dialoq və əməkdaşlıq üçün fiziki məkan təmin etməklə bərabər, Azərbaycan müxtəlif maraqları, prioritetləri olan tərəflər arasında anlaşma və əməkdaşlığı təşviq etmək baxımından da əməli addımlar atır. Eyni zamanda tədbir fonunda baş tutan görüşlər və danışıqlar müxtəlif maraqlı tərəflər, o cümlədən hökumətlər, qeyri-hökumət təşkilatları  və özəl sektor arasında vasitəçiliyin, konsensusun yaradılmasına xidmət edir.  Bu mənada COP29 beynəlxalq miqyasda da əməkdaşlıq  münasibətlərində yeni bir səhifə açılmasında mühüm önəmə malikdir.  

Proseslərin inkişaf axarı bu qənaətə gəlməyə əsas verir ki, COP29 iqlimlə bağlı qlobal prioritetlərin uyğunlaşdırılmasında əsas rol oynayaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uçurumların aradan qaldırılmasına da kömək edəcək. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə qismində danışıqların sürətinə və istiqamətinə təsir göstərir, nəticələrin iqlim dəyişikliyi ilə mübarizədə daha geniş qlobal marağı əks etdirməsini təmin edir.

Daha bir vacib nüans bundan ibarətdir ki, Azərbaycan bu konfransdan yeni iqlim təşəbbüslərini elan etmək və mövcud öhdəlikləri gücləndirmək üçün istifadə edir. Bu öhdəlik təkcə simvolik xarakter daşımır, həm də ölkənin dünya arenasında diplomatik mövqeyini gücləndirir. Bundan əlavə, Azərbaycan iqlimlə bağlı müxtəlif sektorlar, o cümlədən hökumət, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın təşviqində əsas rol oynayır. İqlim fəaliyyətinin yüksək səviyyəsini nümayiş etdirməklə, Azərbaycan digər ölkələri öz ambisiyalarını yüksəltməyə ruhlandırır. Şübhəsiz ki, bu da COP29-u iqlim dəyişikliyi ilə bağlı qlobal tərəqqinin mərkəzinə çevirəcək.

Uğurlu COP tədbiri bütün səslərin, xüsusən də iqlim dəyişikliyindən ən çox təsirlənən həssas ölkələrin səslərinin eşidilməsini tələb edir. Azərbaycan bunu nəzərə alır və beləliklə də konfransın inklüziv və ədalətli olmasını təmin edir. Bu da beynəlxalq miqyasda Azərbaycanın nüfuzunu artırır, mövqelərini daha güclü hala gətirir. Təbii ki, bu vəziyyət Azərbaycanın beynəlxalq münasibətlərində ölkəmizə yeni uğurlar qazandırır.

Azərbaycan üçün əsas məsələlərdən biri də COP29 çərçivəsində iqlim ədalətinin bərpası üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin prioritetlərinin tarazlaşdırılmasına nail olmaqdır. Xüsusən də inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün maliyyə dəstəyi göstərilməsinə nail olmaq məqsədilə atılan addımlar Azərbaycana dünyada bəslənən rəğbətin artması ilə müşayiət olunur. Qeyd edilməlidir ki, COP29-dan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarət olduğu artıq bütün dünyada qəbul olunur.  Bütün bunların uzunmüddətli institusional əlaqələrin qurulmasında və saxlanmasında mühüm rol oynayacağı şübhəsizdir. Qurulan tərəfdaşlıq əlaqələri davamlı əməkdaşlığın təşviqində mühüm əhəmiyyət kəsb edir.

COP29-un Azərbaycanda keçirilməsi dünyaya həm də o mesajı çatdırır ki, BMT səviyyəsində ölkəmizdə siyasi və iqtisadi sabitlik tanınır, qəbul olunur.  Bu da digər ölkələrin Azərbaycanla əməkdaşlığını stimullaşdıran əsas faktorlardan biri hesab olunur. Beləliklə, COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycanın həm özünün, həm də digər iştirakçı ölkələrin beynəlxalq əməkdaşlığının gücləndirilməsində rolu çoxşaxəlidir. Təbii ki, bu da qlobal iqlim gündəliyinin uğuru üçün çox vacibdir. İqlim böhranı ilə mübarizədə liderliyini nümayiş etdirməklə Azərbaycan uzunmüddətli tərəfdaşlıqları təşviq edir. İqlim dəyişikliyinin ümumi qlobal problem olduğu bir dünyada Azərbaycanın körpülər qurmaq və qlobal əməkdaşlığı genişləndirmək səyləri ətraf mühitlə bağlı böhranın çözümü üçün çox zəruridir. Təbii ki, bu da Azərbaycana dünyada olan etimadın daha da artmasına öz təsirini göstərir. Nəticə etibarı ilə Azərbaycan beynəlxalq əlaqələrini gücləndirmək üçün əlavə imkanlar əldə edir.

MTM Analitik Qrup