BELÇİKANIN BAŞ NAZİRİ BAKI LİMANINDA OLUB

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də iştirak etdiyi görüşdə karbon emissiyasının sıfra endirilməsi, dənizçilik sektorunda iqlimə zərər vuran təsirlərin minimallaşdırılması və limanın dayanıqlı inkişaf həlləri barədə müzakirələr aparılıb.

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun, həmçinin dəniz xidmətləri və dibdərinləşdirmə sahəsində təcrübəli şirkət olan “Jan De Nul”un rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Belçika limanları ilə Bakı Limanı arasında növbəti əməkdaşlıq və təcrübə mübadilə imkanlarının artırılması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Sonda isə qonaqlar liman terminalları və buradakı texnoloji yeniliklərə uyğun iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, hazırda Bakı Limanının Belçikanın Antverp Limanı ilə əməkdaşlığı mövcuddur.