Azərbaycan Türk Şurasının mövcud olduğu müddət ərzində üzv ölkələrin iqtisadiyyatlarına 18 milyard dollardan çox investisiya yerləşdirib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.
O bildirib ki, bu müddət ərzində Türk Şurası ölkələrinin Azərbaycana investisiyaları 13 milyard dolları ötüb.
M.Cabbarov xatırladıb ki, Türk Şurasının baş katibi və üzv ölkələrin işgüzar dairələrinin nümayəndələri 2020-ci il noyabrın 2-də Azərbaycana səfəri zamanı azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazır olduqlarını bildirmişdi: “Biz bu dəstəyi heç vaxt unutmayacağıq. Ölkəmiz üçün başlıca prioritetlərdən biri məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır”.
Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.