Bakıda başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-dan beynəlxalq birliyin gözləntiləri olduqca çoxdur. İlk növbədə COP29 sammiti qlobal iqlim mübarizəsində yeni mərhələni ifadə edir və əsas gözlənti iqlim maliyyəsi hədəflərinin yenidən təyin edilməsidir. Çünki mövcud 100 milyard dollarlıq illik öhdəlik artıq kifayət etmir və beynəlxalq birlik maliyyə öhdəliklərinin artırılmasını, inkişaf etməkdə olan ölkələr üçün vəsaitin əlçatanlığının yaxşılaşdırılmasını gözləyir. Bu çərçivədə, xüsusilə “Zərərlər və Tazminatlar Fondu”nun tam şəkildə fəaliyyətə başlaması planlaşdırılır ki, bu da iqlim dəyişikliklərinin yaratdığı zərərlərin aradan qaldırılmasına kömək edəcək.
İkinci əsas hədəf təyin edilmiş milli töhvələrin artırılmasıdır. Əldə edilən razılığa görə Paris Sazişi çərçivəsində hər beş ildən bir ölkələr öz iqlim məqsədlərini yeniləməlidir. 2025-ci il üçün bu dövrün sonu yaxınlaşdığından COP29 zamanı ölkələrdən emissiyaları azaltmaq öhdəliklərini artırmaq və təbii ehtiyatlardan istifadəni azaltmaq üçün konkret tədbirlər görmək tələb ediləcək. Bu öhdəliyi yerinə yetirmək üçün ilk növbədə karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması sahəsində irəliləyişlərə nail olmaq nəzərdə tutulub.
Digər istiqamət adaptasiya və dayanıqlılıq tədbirlərinin artırılması və onların daha da irəliyə aparılmasıdır. Beynəlxalq ictimaiyyət bu sammitdən inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarının effektiv icrasını gözləyir. Bundan əlavə, COP29-un başqa bir vacib hədəfi iqlim dəyişikliyi, biomüxtəliflik itkisi və torpaq erroziyası ilə bağlı məsələlərin əlaqələndirilməsi və ümumi bir yanaşmanın inkişaf etdirilməsidir. Bu hədəflərə çatmaq üçün Azərbaycan prosesə ciddi dəstək verir. İlk növbədə onu qeyd etməliyik ki, Bakı şəhərində keçirilən COP29 sammiti Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı beynəlxalq proseslərdə daha aktiv rol oynamaq niyyətini ortaya qoyur. Bu tədbir ölkənin qlobal iqlim siyasətinə inteqrasiya səylərinin bir göstəricisidir və Azərbaycan hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmə məqsədini əks etdirir.
Azərbaycan son illərdə iqlim dəyişikliyinin qarşısının alınması üçün bir sıra strateji addımlar ataraq mənfi təsirləri azaltmağa çalışır. Ölkə 2050-ci ilədək karbon neytrallığı hədəfini qarşıya qoyub və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi istiqamətində ciddi planlar hazırlayıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji zonaları”nın yaradılması və külək, günəş enerjisi layihələrinin həyata keçirilməsi diqqət mərkəzindədir. Bu baxımdan COP29 sammiti Azərbaycan üçün böyük bir platforma rolunu oynayır. Çünki ilk dəfə olaraq belə bir tədbirə ev sahibliyi edən ölkə, öz mövqeyini qlobal miqyasda gücləndirmək və regionun iqlim siyasətində liderlik etməyi hədəfləyir.
Onu da qeyd edək ki, Azərbaycan, beynəlxalq iqlim siyasətində digər ölkələrlə sıx əməkdaşlıq edərək regionda iqlim dəyişiklikləri ilə mübarizədə bir çox təşəbbüslər irəli sürüb. Xəzər dənizi regionunda ekosistemin qorunması, su ehtiyatlarının idarə edilməsi və karbon emissiyalarının azaldılması sahələrində birgə layihələr həyata keçirilib. Eyni zamanda, ölkə BMT-nin və digər beynəlxalq təşkilatların irəli sürdüyü iqlim təşəbbüslərinə qoşularaq, Paris Sazişi çərçivəsində öhdəliklərini yerinə yetirmək üçün yeni planlar hazırlayıb. Ona görə də Bakıda keçirilən COP29 sammiti Azərbaycan üçün qlobal səviyyədə iqlim liderliyi nümayiş etdirmək və regionda yaşıl enerji təşəbbüslərini genişləndirmək üçün bir fürsətdir. Çox güman ki, bu sammitdən sonra beynəlxalq birlik yeni dünya görəcək, hamı əl-ələ verib qlobal iqlim böhranının aradan qaldırılmasında səfərbər olacaq.
MTM Analitik Qrup