COP29 İQLİM BÖHRANI İLƏ MÜBARİZƏDƏ YENİ ƏMƏKDAŞLIQLAR ÜÇÜN ƏSAS PLATFORMA OLACAQ

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) qlobal iqlim böhranının həlli üçün mühüm platforma olmaqla yanaşı, dünya ölkələri arasında əməkdaşlığın dərinləşməsinə, koordinasiyalı fəaliyyətə də böyük töhfələr verir. Bu illik toplantılar qlobal istiləşmə ilə mübarizə strategiyalarını təşviq etməklə yanaşı,  ölkələr arasında innovasiya mübadiləsi, maliyyələşdirmə və birgə fəaliyyət üçün unikal imkanlar yaradır.

COP  tədbirlərinin ən mühüm nailiyyətlərindən biri onların qlobal iqlim məqsədlərinin müəyyən edilməsindəki roludur. Məsələn, 2015-ci ildə Parisdə keçirilən COP21-in əlamətdar cəhəti qlobal orta temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq oldu. Düzdür, bu xüsusda ölkələrin heç də hamısı üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyiblər. Elə o səbəbdən iqlimlə bağlı vəziyyət narahatedici həddə qalır. Amma indi dünya dövlətlərinin hamısı qəbul edirlər ki, təcili tədbirlər görülməsə, öhdəliklər icra olunmasa, vəziyyət daha kritik xarakter daşıyacaq. Belə tədbirlərin görülməsi, müvafiq qərarların qəbulu üçün əsas diqqət və ümid COP29 üzərində cəmlənib. 

COP29 ümumi məqsədlər müəyyən etməklə, ölkələrə təcrid olunmuş vəziyyətdə deyil, ümumi problemə qarşı birlikdə mübarizə aparmaq imkanı yaradacaq. Belə yanaşma şəraitində ölkələr iqlim problemləri ilə mübarizədə bir-birinin uğur və uğursuzluqlarından öyrənmək,  ortaq məqsədlər üçün birlikdə fəaliyyət göstərmək imkanı qazanırlar. Nəticə etibarı ilə bu da heç bir dövlətin təkbaşına həll edə bilməyəcəyi qlobal problemin həlli üçün vacib olan daha möhkəm beynəlxalq tərəfdaşlıqlara təkan verir.

Proqnozlar göstərir ki, COP 29 xüsusilə iqlim təsirlərinə ən həssas olan, lakin onları həll etmək üçün resursları olmayan inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin səfərbər edilməsində mühüm rol oynayacaq. Qeyd olunmalıdır ki, Kopenhagendə keçirilən COP15-də  inkişaf etməkdə olan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə iqlim dəyişikliyinin təsirini azaltmaq və buna uyğunlaşmaq üçün 2020-ci ilə qədər hər il 100 milyard ABŞ dolları yardım edilməsi qərara alınıb. Lakin ötən dövr ərzində buna əməl olunmayıb. Bu məsələnin birgə əməkdaşlıq sayəsində məhz COP29 çərçivəsində həlli gözlənilir.  Çünki bu konfransda İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı müzakirələr aparılması, müvafiq qərarların qəbulu nəzərdə tutulur. Azərbaycan bu istiqamətdə aparılan danışıqlarda iştirak edən bütün ölkələri konstruktiv mövqe sərgiləməyə dəvət edir. Ölkəmiz belə hesab edir ki, bu cür mövqe sayəsində iqlim böhranı ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsi mümkün olacaq. Bu maliyyə əməkdaşlığı yüksək və aşağı gəlirli ölkələr arasında uçurumları aradan qaldıraraq, bütün dünyada daha əhatəli, eyni zamanda  iqlim böhranına qarşı təsirli fəaliyyətə imkan yaradır.

Bununla yanaşı, COP29 zamanı inkişaf etməkdə olan ölkələrin bərpa olunan enerji layihələri, dayanıqlı kənd təsərrüfatı və iqlimə davamlı infrastruktur üçün resurslara çıxış əldə etməsinin təmin olunmasına da xüsusi diqqət olunacaq.  Ancaq təbii ki, COP29 təkcə ölkələr arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, əvvəl mövcud olanların dərinləşməsinə xidmət etmir. Sözügedən tədbir çərçivəsində dövlət və özəl sektor arasında da körpü yaradılmasına, iqlim böhranın həllinə cəlb edilən subyektlərin sayının artmasına xüsusi diqqət yetiriləcək. Bəllidir iki, bərpa olunan enerji startaplarından tutmuş transmilli korporasiyalara qədər özəl şirkətlər innovasiyaları və davamlılıq məqsədlərinə sadiqliklərini nümayiş etdirmək üçün COP tədbirlərində iştirak edirlər. Məsələn, Qlazqoda keçirilən COP26-da başlanan “Sıfıra Yarış” adlı  kampaniya şirkətləri, investorları karbon emissiyasının azaldılması üçün elmi əsaslı hədəfləri qəbul etməyə təşviq etdi. Bu kampaniya qlobal miqyasda maraq qazandı, bir çox biznes müəssisələri emissiyaları sıfıra endirməyi öhdəlik kimi götürdü və “yaşıl texnologiya”ların inkişafı üçün hökumətlərlə tərəfdaşlıq quruldu. Bu əməkdaşlıqlar emissiyaların azaldılması üçün vacib olan bərpa olunan enerji, karbonun atmosferə atılmasının məhdudlaşdırlması kimi sahələrdə innovasiyaları sürətləndirdi. COP29 da bu mənada istisna deyil və tədbir çərçivəsində yuxarıda qeyd edilən qəbildən olan kampaniyaların elan edilməsi mümkün hesab olunur. Ümumiyyətlə, COP29-da  dövlət və özəl qurumların birgə iştirakı birbaşa dialoqa imkan verəcək, siyasət və sənaye arasında əməkdaşlıq sayəsində “yaşıl texnologiya”ların tətbiqini sürətlənəcək.

COP29 həm də  iqlimlə bağlı təcrübə və resurslara məhdud çıxışı olan ölkələr üçün bilik mübadiləsi və potensialın yaradılması üçün platforma rolunu oynayacaq. Müvafiq mübadilələr ölkələrə ən yaxşı təcrübələri mənimsəməyə imkan verəcək və nəticədə iqlim böhranının  effektiv həlli yollarını inkişaf etdirəcək. Onu da xüsusi vurğulamaq lazımdır ki, COP29 özündən əvvəlki analoji tədbirlər kimi təkcə beynəlxalq əməkdaşlığa təkan verməyəcək,  həm də regional və transsərhəd tərəfdaşlığı gücləndirəcək. Beləliklə, ortaq məqsədlər, iqlim maliyyəsinin səfərbərliyi, dövlət-özəl sektor arasında tərəfdaşlıq, bilik mübadiləsi, regional əməkdaşlıq və bu qəbildən olan digər tədbirlər vasitəsilə COP29 iqlim böhranının həlli üçün dünyaya lazım olan birliyi gücləndirəcək, əməkdaşlıq imkanlarının miqyasının genişlənməsini təşviq edəcək. Elə bu da COP29-a sədrlik edən Azərbaycanın başlıca məqsədlərindən biridir.

MTM Analitik Qrup