Qlobal fenomen olan iqlim dəyişikliyi insan həyatı ilə bağlı bütün sahələrə nüfuz edir. Dünyada baş verən təbiət hadisələri, texnoloji inqilabın genişlənməsi ekoloji problemləri artırmaqda, yeni qlobal problemlər yaradır. Xüsusilə də qlobal istiləşmə və soyuqlaşmanın fəsadları hər bir ölkə qarşısında mühüm təxirəsalınmaz vəzifələr qoyur.
Dünya alimlərinin qənaətincə, təsirli tədbirlər görülməsə, qlobal istiləşmə yaxın onillikdə dünyanın bütün ölkələrini ciddi problemlərlə üz-üzə qoyacaq və artıq bu proses artıq başlayıb. Bu səbəbdən də dünya ölkələri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün yeni yanaşmalardan istifadəyə üstünlük verir, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi zəruriliyini vurğulayırlar.
Ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl iqtisadiyyat”a keçid dünya ölkələri qarşısında aktual məsələlərdən birinə çevrilib. Bu gələcək nəsilləri ətraf mühit riskləri və ekoloji problemlərlə üz-üzə qoymayan, əmtəələrin və xidmətlərin istehsalını, bölgüsü və istehlakını alternativ enerji mənbələri hesabına təmin edən iqtisadi fəaliyyət növüdür. “Yaşıl iqtisadiyyat” həm də davamlı inkişafa və ekoloji iqtisadiyyat biliklərinə əsaslanan iqtisadi inkişaf modelidir.
Hazırda beynəlxalq miqyasda “yaşıl iqtisadiyyat” üzrə mal və xidmətlər bazarının dövriyyəsi 1,3 trilyon dollardır və bu da dünya iqtisadiyyatının 2,4 faizini təşkil edir. BMT-nin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə “yaşıl iqtisadiyyat”ın inkişafı üçün hər il 40 milyard dollar investisiya tələb edilir. “Yaşıl iqtisadiyyat”a qoyulan hər 1 dollar investisiya 60 dollar olaraq geri dönür.
“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı”nın icrası son illərdə ölkəmizdə “yaşıl iqtisadiyyat”a əsaslanan günəş və külək enerjisi istehsalı üçün güclü zəmin yaradıb. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, reallaşdırılmış tədbirlər müasir ekoloji layihələrin reallaşdırılmasını, o cümlədən “yaşıl iqtisadiyyat”a keçid prosesini sürətləndirib.
2021-ci 02 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret hədəflər əksini tapıb. Ölkəmizdə qurulmuş təkrar emal prosesi “yaşıl iqtisadiyyat”ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı”nda davamlı inkişafın əsasını təşkil edən “yaşıl iqtisadiyyat” konsepsiyasının müddəaları əsas götürülüb. “Yaşıl iqtisadiyyat”a keçid həm də təkrar emal prosesinin inkişafını təmin edir. Yəni istehlak prosesindən sonra tullantıların bir qisminin yenidən istifadəyə yararlı hala gətirilməsi ekoloji problemlərin həlli baxımından vacib əhəmiyyət kəsb edir. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Bunda məqsəd həm də təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir, enerji qənaətinə imkan verir.
Son 20 ildə Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Urbanizasiya prosesinin növbəti illərdə də davam edəcəyi gözlənilir və bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı qarşıya yeni tələblər qoyur. Bu baxımdan paytaxtda və ölkənin digər yerlərində həm dövlət, həm də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq işləri, iqtisadiyyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlər zamanı ətraf mühitin mühafizəsi tələbləri ön planda olacaq.
“Yaşıl iqtisadiyyat”a keçiddə məqsəd həm də ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması, yaşıl ərazilərin bərpası, mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzindədir. Azad edilmiş ərazilərdə meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrində nisbətini artıracaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaq. Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcək.
Azad olunmuş ərazilərdə nəzərdə tutulmuş strateji layihələrdən biri də yaşıl enerji zonasının yaradılmasıdır. Yaşıl enerji zonası enerji tələbatı yaşıl enerjidən maksimum istifadə edilməklə təmin edilən və enerji dəyər zəncirində ekoloji təmiz və enerji baxımından səmərəli “yaşıl” texnologiyalardan istifadə edilən ərazidir. Xatırladaq ki, 22 fevral 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp şirkəti arasında imzalanmış Anlaşma Memorandumu təmiz enerji layihələri, az karbonlu nəqliyyat, “yaşıl” binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətində əməkdaşlığı nəzərdə tutur. Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi həyata keçirilir.
Qeyd edilənlər Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir.
MTM Analitik Qrup