Müasir dünyada iqtisadi inkişaf ekoloji fəaliyyətlə ayrılmaz şəkildə bağlıdır. Bu da öz növbəsində təbii sərvətlərdən səmərəli istifadəyə, alternativ enerji mənbələrinə keçidə, eləcə də ətraf mühitin mühafizəsinə getdikcə daha çox diqqət yetirilməsini şərtləndirir. Daha bir mühüm nüans ondan ibarətdir ki, dünya ictimaiyyətinə indiki dövrdə bəşəriyyətin mövcud olduğu tarix boyu ən kəskin qlobal ekoloji problemlər miras qalıb. Yer kürəsinin atmosfer, su və torpaq ehtiyatları kimi ekoloji əhəmiyyətli ehtiyatlarının çirklənməsi, bioloji müxtəlifliyin təhdid altına düşməsi, ekosistemlərin dağılma təhlükəsi və bu qəbildən olan digər hallar barəsində bəhs olunan mirasın nə dərəcədə ağır və dəhşətli olmasının göstəriciləridir. Bunlar bütövlükdə bəşəriyyətin mövcudluğunu davam etdirməsini böyük sual altına alır.
Hazırda dünyadakı müasir ekoloji vəziyyətin başlıca xüsusiyyəti onun sistemli böhran xarakteri daşımasıdır. Elə o səbəbdən dünya ölkələrinin birlikdə sözügedən təhdidlərin aradan qaldırılmasında fəaliyyəti artıq həyati önəmə malikdir. Bunun üçün ekoloji diplomatiya fenomeninə ehtiyac həmişəkindən daha yüksəkdir. Əvvəla, ona görə ki, məhz belə diplomatiya qlobal ekoloji problemlərin həlli üçün daha səmərəli yolların tapılmasına imkan verir. İkincisi, günümüzdə dünya ictimaiyyətinin ekoloji problemlərə diqqətinin daha çox artmasını müşahidə etmək olar ki, bu da ekoloji diplomatiya institutlarının inkişafını şərtləndirir. Üçüncüsü, ekoloji diplomatiya institutu artıq planetin ekosisteminin bərpası üçün fəal mübarizə aparan bir çox ölkələrin fəaliyyətinin koordinasiya olunmasında həlledici əhəmiyyət kəsb edir.
Ekoloji diplomatiyanın uğurla nəticələnməsi üçün müvafiq platformaların mövcudluğu da vacib şərtdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu kontekstdə ən ideal platformalar sırasında yer alır. COP29-da təqdim edilən mövzular, irəli sürülən təşəbbüslər, eləcə də müəyyən istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, iqlim dəyişikliyi siyasətlərinin gücləndirilməsinin hədəflənməsi ekoloji diplomatiya üçün böyük töhfələr olacaq. COP29 heç şübhəsiz ki, dünya birliyi qarşısında uzun müddətdir mövcud olan qlobal ekoloji problemlərin həlli üçün adekvat və effektiv yol tapmaq baxımından mühüm bir sammit kimi də tarixə düşəcək. O, ekoloji və ya yaşıl diplomatiyaya yeni təkan verməklə ətraf mühitin mühafizəsi üzrə beynəlxalq mexanizmin həyata keçirilməsi üçün mühüm vasitə kimi çıxış edəcək.
Qlobal ekoloji təhlükəsizlik prinsipinə əsaslanan, qarşılıqlı məqbul fəaliyyət növü olan yaşıl diplomatiya cəmiyyətlə təbiətin qarşılıqlı əlaqə yollarının da müəyyən olunmasında vacib rola malikdir. Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, ətraf mühit diplomatiyasını çoxtərəfli və ikitərəfli sazişlər sistemində nəzərdən keçirmək olar. Bununla belə, qloballaşmanın və ekoloji problemlərin miqyasının genişlənməsinin indiki mərhələsində çoxtərəfli əsasda aparılan danışıqlar, əldə olunan razılaşmalar ekoloji diplomatiyada daha böyük səmərə verir. Elə COP tədbirləri, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çoxtərəfli əsasda danışıqlara və razılaşmalara imkan yaradan ən əlverişli platforma hesab olunur.
Qloballaşmanın hazırkı mərhələsi yaşıl diplomatiyanın həyata keçirilməsində iştirak edən aktorların sayının artması ilə xarakterizə olunur. Onların bir araya gəlməsi, ekoloji problemlərin həlli məqsədilə koordinasiyalı mövqe sərgiləmələri üçün vahid platformanın mövcudluğu getdikcə daha zəruri önəm kəsb edir. COP29 bu mənada tərəfləri bir araya gətirən mühüm bir tədbir kimi yaddaşlarda həkk olunacaq.
Yaşıl diplomatiyanın əsas məqsədi onun qlobal ekoloji problemləri həll etmək və planetimizin ekosistemini qorumaqdır. Bu məqsədə nail olmaq dünya birliyinin həll etməli olduğu bir sıra vəzifələr var.
Dövlətlərdən və onların milli maraqlarından danışarkən vurğulamaq lazımdır ki, ekoloji problemlərin qlobal xarakter daşımasına baxmayaraq, hər bir ölkə, ilk növbədə, öz ekoloji hüquq və maraqlarını güdür. İstənilən dövlət öz yaşıl diplomatiya kursunu dünya miqyasında təbliğ etməyə çalışır. Burada artıq ortaq məxrəcə gəlinməsi üçün vahid platformada müzakirələrin aparılmasının təmini başlıca şərtlərdən biri qismində çıxış edir. Heç şübhəsiz ki, günümüzdə COP29 buna imkan verən əsas platforma olacaq.
Hazırda ekoloji diplomatiya üçün aktual məsələlərdən biri də Qlobal Şimal və Qlobal Cənub arasında müvafiq dialoqun qurulmamasıdır. Qlobal Cənubun inkişaf etməkdə olan ölkələri ekoloji fəaliyyətləri həyata keçirmək üçün lazımi miqdarda maliyyə resurslarına malik deyillər. Qlobal Şimalla dialoq və işbirliyinin yetərli həddə olmaması prosesə öz təsirini göstərir. Nəticədə Qlobal Cənubun inkişaf etməkdə olan ölkələri qlobal ekoloji problemlərin həllinə lazımi dərəcədə köməklik göstərə bilmirlər. Bu məsələyə də yenə COP29 çərçivəsində qəti həll tapılması gözlənilir. Azərbaycanın COP29 ərəfəsində Qlobal Cənub və Qlobal Şimal arasında dialoqun və əməkdaşlığın qurulması üçün göstərdiyi səylər müsbət nəticələr verir. Rusiyanın Kazan şəhərində baş tutmuş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev qeyd edib: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
Beləliklə, COP29 ekoloji diplomatiya üçün mühüm bir təkan olacaq, qlobal ekoloji təhlükəsizlik prinsipləri əsasında iqlim dəyişmələrinin və ekologiya ilə bağlı digər problemlərin həllində tarixi əhəmiyyət kəsb edəcək.
MTM Analitik Qrup