AZƏRBAYCANIN YAŞIL ENERJİ İXRACINDA TRANZİT ÖLKƏYƏ ÇEVRİLMƏYƏ İDDİALIDIR

Azərbaycan COP29 ərəfəsində yaşıl enerji istehsalı və ixracı sahəsində bir sıra mühüm layihələri inamla reallaşdırır. Noyabrın 11-dən 22-dək davam edəcək bu mötəbər tədbir unikal platforma olaraq, respublikamızın müasir enerji strategiyasının dünyaya təqdimatı, xüsusilə alternativ enerji istehsalı və ixracı üzrə yeni əməkdaşlıq təmayüllərinin müəyyənləşdirilməsi, habelə yeni dəhlizlər vasitəsilə enerji tranziti imkanlarının təqdimatı baxımından mühüm əhəmiyyətə malikdir.

Yalnız iqlim dəyişiklikləri ilə mübariz məqsədilə deyil, həm də geosiyasi amillərlə əlaqədar ənənəvi enerji resurslarından asılılığı minimuma endirməyə çalışan Avropa ölkələri ölkəmizin yaşıl enerjinin ixracı sahəsindəki layihələrini maraqla qarşılayırlar. Beynəlxalq Enerji Agentliyi tərəfindən hazırlanmış “yol xəritəsi”nə əsasən, 2050-ci ilə qədər dünya ölkələri tərəfindən atmosferə atılan sənaye tullantılarının minimuma endirilməsi nəzərdə tutulur. Bu konteksdə qarşıdakı onilliklərdə ekoloji təmiz mənbələrdən alınan elektrik enerjisinə tələbatın kəskin artacağı qaçılmazdır və Azərbaycan bu reallığı düzgün dəyərləndirən ölkələr sırasındadır.

Energetika Nazirliyinin məlumatına əsasən, hazırda ölkəmizin elektroenergetika sistemində ümumi gücü 6623 MVt olan 22 istilik elektrik stansiyası ilə yanaşı, 1406,6 MVt təşkil edən 58 su elektrik stansiyası, 278,1 MVt gücündə 9 günəş elektrik stansiyası, 63,7 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, habelə ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1792,6 MVt təşkil edir və bu da ümumi istehsal gücünün, təxminən, 21,3 faizinə bərabərdir. Azərbaycan hazırda Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.

Qarşıdakı illərdə elektrik enerjisi istehsalı və ixracında artımın əsasən, bərpa olunan enerji mənbələri əsasında təmin edilməsi nəzərdə tutulur. 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması Azərbaycanın yaşıl enerji istehsalı sahəsində regional liderliyini gücləndirəcək.
Dünya İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi 2023” hesabatında qeyd edilir ki, Azərbaycan müasir infrastruktur yaratmaqla enerji keçidini sürətləndirib, 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerdə yüksəlib. Təkcə onu demək lazımdır ki, COP29-a hazırlıq mərhələsində – 2024-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış sazişlərə əsasən, Neftçala, Abşeron və Qaradağ ərazilərində investisiya dəyəri 1 milyard ABŞ dolları, ümumi gücü 1000 MVt təşkil edən üç günəş və külək elektrik stansiyalarının təməli qoyulub. COP29 çərçivəsində icrasına təkan veriləcək digər layihə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası olacaq. Bundan əlavə, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Reallaşdırılan layihələr ölkəmizin yaxın illərdə yaşıl enerji sahəsində qlobal ixracatçılardan birinə çevriləcəyini deməyə ciddi əsaslar yaradır. Bu layihələrlə Azərbaycan, eyni zamanda, 2030-cu ilədək ümumi enerji istehsalında yaşıl enerjinin payının 30 faizə yüksəldilməsini nəzərdə tutan öhdəliklərini də icra edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin yaşıl enerji sahəsində əsas hədəflərindən biri də qlobal ekoloji problemlərin həllində töhfələr verməkdir: “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.

Xatırladaq ki, 2022-ci ilin dekabrında imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin etməlidir. Bolqarıstanın da qoşulacağı bu layihənin texniki-iqtisadi əsaslandırmasının ilin sonunadək yekunlaşdırılması, dəhlizin reallaşdırılması prosesinə gələn ildən başlanması nəzərdə tutulur.

Azərbaycan iri elektrik enerjisi ixracatçısına çevrilməklə yanaşı, Mərkəzi Asiya ölkələri üçün tranzit ölkə rolunu oynamağa da iddialıdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Birgə Kommunike və “yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutan Əməkdaşlıq Memorandumu da məhz bu hədəfin reallaşdırılmasına hesablanıb. Qeyd edilən Mərkəzi Asiya ölkələri Azərbaycanın əsas rol oynadığı elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bəyan ediblər.

COP29 çərçivəsində hər üç ölkə arasında “Yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması nəzərdə tutulur. Ümumilikdə, ölkəmizin təşəbbüsü ilə reallaşacaq “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri Azərbaycanın bu sahədə tranzit ölkəyə çevrilməsini təmin edəcək.

MTM Analitik Qrup