BMT tərəfindən aparılan hesablamalar göstərir ki, iqlim dəyişikliyi səbəbindən 2000-2019-cu illər arasında dünyada iqtisadi itkilər azı 2,8 trilyon ABŞ dolları təşkil edib. Bu da bir saatda 16 milyon dollara bərabərdir. Son illər ərzində iqlim dəyişmələrinin daha intensiv xarakter alması fonunda iqtisadi itkilərin həcminin daha da artması qaçılmaz xarakter daşıyıb. İndi bütün bunların önlənməsi bəşəriyyət üçün zəruri şərt qismində çıxış edir. Bu məsələnin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əsas müzakirə predmetlərindən birini təşkil edəcəyi gözlənilir.
Aparılan təhlillər göstərir ki, iqlim dəyişikliyi və onun qlobal iqtisadiyyata təsirinin həllində COP tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu sammitlər istixana qazlarının emissiyalarının azaldılmasına və davamlı inkişafın təşviqinə yönəlmiş hədəflər müəyyən etmək və müvafiq siyasətlər hazırlamaq üçün dünya liderlərini, biznes təmsilçilərini, təşkilatları, fəalları və siyasətçiləri bir araya gətirir. Ümumiyyətlə, COP tədbirləri ilk növbədə iqlim fəaliyyətinə diqqət yetirsə də, onların təsirləri siyasətdə, maliyyə axınlarında, innovasiyalarda və investisiya modellərində də özünü qabarıq büruzə verir. Bütün bunlar da öz növbəsində iqtisadi inkişafa əhəmiyyətli dərəcədə təsir göstərir.
Qeyd olunmalıdır ki, COP tədbirləri davamlı və aşağı karbon emissiyalı iqtisadi fəaliyyət növlərini stimullaşdırır. Bu hal bərpa olunan enerji, dayanıqlı kənd təsərrüfatı və yaşıl infrastruktura yatırılan sərmayələr, onların son illərdə inkişafında qeydə alınan dinamikada özünü qabarıq büruzə verir. Sözügedən istiqamətlərdə yaşanan dəyişiklik təkcə külək, günəş və elektrik avtomobilləri kimi sektorlarda sürətli böyüməyə səbəb olmayıb, həm də emissiyaların azaldılmasına yönəlmiş innovativ texnologiyalara böyük miqdarda sərmayələri cəlb edib.Təsir xüsusilə özəl sektorda nəzərə çarpır, burada şirkətlər öz təcrübələrini davamlılıq məqsədlərinə uyğunlaşdırmaq üçün getdikcə daha genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu tendensiya milyonlarla iş yerinin yaradılmasına, iqtisadi artıma, “yaşıl iqtisadiyyat”ın formalaşmasına mühüm töhfələr verir. COP29 çərçivəsində bu istiqamətdə növbəti mühüm addımların atılması gözlənilir.
Artıq bəllidir ki, COP tədbirlərində əsas diqqət mərkəzində yer alan məsələlərdən biri də iqlim maliyyəsidir. Qeyd olunan xüsusda həlledici addımların məhz COP29 zamanı atılması gözlənilir. Bu, həm iqlim dəyişikliyinin, həm də ölkələr arasında iqtisadi bərabərsizliyin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. İnkişaf etmiş dövlətlər inkişaf etməkdə olan ölkələrə iqlim təsirlərinə uyğunlaşmaq və onları yumşaltmaqda kömək etmək üçün milyardlarla dollar vəd ediblər. Bu, 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də inkişaf etmiş ölkələrin üzərinə götürdükləri öhdəliklərdir. Həmin öhdəliyə əsasən qeyd edilən tarixdən 2020-ci ilədək inkişaf etmiş ölkələr iqlimin maliyyələşdirilməsinə hər il 100 milyard ABŞ dolları məbləğində vəsait səfərbər etməli idilər. Ancaq bu məsələ həllini tapmayıb və onunla bağlı COP29-da həlledici addımlar atılacaq. İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı görülən işlər də bunun isbatıdır.
Ümumiyyətlə, COP29 çərçivəsində qəbul ediləcək qərarlar, əldə olunacaq razılaşmalar aşağı karbonlu iqtisadiyyata sürətli keçidə yeni təkan verəcək. Bu, xüsusən də bərpa olunan enerji, davamlı kənd təsərrüfatı və digər “yaşıl sektorlar”da yeni iş imkanlarının yaradılması ilə müşayiət olunacaq. Hesablamalar “yaşıl iqtisadiyyat”a keçidin bütün dünyada, xüsusən də bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində milyonlarla iş yeri yaradacağını göstərir. 2009-cu il tarixində Bonn şəhərində təsis edilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə görə, təkcə bərpa olunan enerji sektoru 2050-ci ilə qədər 40 milyondan çox insanı işlə təmin edə bilər.
İnnovativ tədqiqat və inkişafa, xüsusən də təmiz enerji istehsalı kimi sahələrə də COP29-un əlavə töhfələr verməsi gözlənilir. Tədbir enerji səmərəliliyinə yönəlik tədqiqatlara investisiyaları artırmaq, hökumətləri və şirkətləri “yaşıl innovasiyalar”a üstünlük verməyə təşviq etmək üçün də mühüm platforma hesab olunur. Texnoloji həllərə verilən üstünlük isə yeni bazarlar və maliyyə axınları təmin etməklə iqtisadi inkişafa dərindən təsir göstərir. Günəş enerjisi, elektrik nəqliyyat vasitələri və karbon tutma texnologiyası kimi yeniliklər təkcə emissiyaların azaldılmasını dəstəkləmir, həm də yeni sənaye və biznes modelləri yaradır. “Yaşıl texnologiya”ya verilən bu önəm uzunmüddətli inkişaf potensialı olan sektorlara yönəldikcə, ətraf mühitin mühfizəsinə də böyük töhfələr verir.
O da faktdır ki, COP29 dünya ölkələrini iqlim məqsədlərinə uyğun iqtisadi siyasət həyata keçirməyə sövq edən tədbir kimi də yaddaşlarda qalacaq. Bu siyasət innovasiyaları inkişaf etdirməyə və karbon emissiyalarını azaltmağa kömək edəcək. Bütün bunlar onu göstərir ki, COP29 iqlim dəyişikliyi fonunda iqtisadi dayanıqlıq yaradılmasında mühüm rol oyanayacaq. Belə dayanıqlıq həssas dövlətlərin, xüsusən də iqtisadiyyatı kənd təsərrüfatı, turizm və ya təbii ehtiyatlardan çox asılı olan ölkələrin iqtisadi sabitliyini qorumağa xidmət edir. Dayanıqlığı artıran bu tədbirlər həm də iqlimlə bağlı məsələlərin həllinə çəkilən xərcləri azaldır.
Bütün bunlar göstərir ki, COP29 çərçivəsində iqtisadi müstəvidə də əldə olunan nəticələr mühüm əhəmiyyətə malik olacaq. İnvestisiya axınları, yeni iş yerlərinin yaradılması, texnoloji innovasiyalar sahəsində sözügedən sammitdən sonra yeni mühüm nəticələrin əldə ediləcəyinə olan ümidlər COP29-a dünyada daha böyük ümidlər yaradır.
MTM Analitik Qrup