Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət sahəsində rəqəmsallaşma siyasəti haqqında danışıb. Qeyd edib ki, rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə işçi qrupu yaradılıb.
“İşçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılıb, mədəniyyətin rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilib, mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilib. Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılıb”, – deyə S.Yusifova diqqətə çatdırıb.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, işçi qrupu tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” (2024–2026-cı illər) hazırlanaraq təsdiq edilib. Strategiyanın əhatə etdiyi dövr ərzində Mədəniyyət Nazirliyində vahid “Elektron Kabinet” sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu kabinetə inteqrasiyası, mədəniyyət sahəsində bütün müvafiq klasterlər üzrə, eləcə də onlayn biletlərin təmin edilməsi, Mədəniyyət Nazirliyinin fərdi məlumatlar toplanan və işlənən bütün informasiya sistemlərinin “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilməsi hədəflərinə nail olunması nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxışında mədəniyyət sahəsində böyük islahatların aparıldığını və bunun birbaşa rəqəmsallaşma ilə bağlı olduğunu bildirib.
“Gələcək dövrlərdə müasir standartlara uyğun olaraq, cəmiyyətin tələblərini nəzərə alaraq mədəni irsimizi əldə etmək istəyiriksə, bu, mütləq şəkildə rəqəmsallaşma tələblərinə uyğun olmalıdır. Bunun üçün hazırda ölkəmizdə çox münbit şərait yaradılıb. Bu məsələ dövlətimiz tərəfindən də diqqət mərkəzindədir. Əməkdaşlıq etdiyimiz bir neçə qurumla işlərimizin icrasında böyük addımlarla irəliləyirik”, – deyə o diqqətə çatdırıb.
Rəşad Əzizov nazirliyin “e-Culture” rəqəmsal inkişaf strategiyası”nın icrasından da söz açıb. Bildirib ki, işçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılıb, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilib. Həmçinin klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılıb.
Şöbə müdiri diqqətə çatdırıb ki, İT parkın və şəbəkə təhlükəsizliyinin auditi aparılıb, həmçinin şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib. Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib.
O, eyni zamanda, milli domen zonası barədə ətraflı məlumat verib. Bildirib ki, bu istiqamətdə müxtəlif klasterlər və modullar üzrə hüquqi baza təhlil edilib. Həmçinin nazirliyin fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatına alınması təmin edilib. Eləcə də ölkə üzrə informasiya sistemlərinə inteqrasiya və “Hökumət Buludu”na keçid təmin olunub. Bundan əlavə, daxili idarəetmənin rəqəmsallaşması da həyata keçirilib.
Şöbə müdiri “My Culture” vahid şəxsi kabineti barədə də məlumat verib. O, Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinetüzərindən inteqrasiyası uğurla icra olunduğunu və bunun da cəmiyyətlə hərtərəfli kommunikasiyanın qurulmasına böyük töhfə verdiyini bildirib.
Diqqətə çatdırıb ki, hazırda Mədəniyyət Nazirliyinin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin təkmilləşdirilməsi üzrə də işlər davam etdirilir.
Daha sonra Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova yeni açılacaq “e-Culture” rəqəmsal idarəetmə modeli barədə danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.