AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA YÜKDAŞIMA SAHƏSİNDƏ MÜZAKİRƏLƏR APARILIB

Azərbaycanın mövcud logistika, nəqliyyat imkanları ölkə iqtisadiyyatı üçün bu sahənin inkişafını qaçılmaz edir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat marşrutlarının işə salınması, 44 günlük Vətən müharibəsindən sonra isə Zəngəzur dəhlizinin prioritet kimi qəbul edilməsi yükdaşıma xidmətinin keyfiyyətli, müasir və innovativ təşkilinə zəmin yaradır.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) bu sahədə xidmət göstərən daşıyıcıların hüquqlarının qorunmasını, onların beynəlxalq səviyyədə tanınan sertifikatlarla təmin edilməsini təşkil edir. ABADA-nin yenilənməsi, strukturun tam və innovativ formada formalaşdırmasına zəmin yaradır.

ABADA-dan bildirilib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə silsilə tədbirlərə başlanılıb. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) ilə mütəmadi fikir mübadiləsi aparılır. Son olaraq UND ilə idarəetmə sisteminin təkmilləşdirilməsi, UND-nin keyfiyyət nəzarət sisteminin üstünlükləri ilə bağlı Bakıda görüş təşkil olunub. Bu məqsədlə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin nümayəndə heyəti Bakıya səfər edib.

Üç günlük səfər çərçivəsində yükdaşıma, loqistika sahələri üzrə UND-nin keyfiyyətə nəzarət sisteminin ABADA-da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransda Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən birbaşa Orta Asiyaya keçidinin təşkili məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda cənub istiqamətindən İrandan, şimaldan isə Rusiya və Gürcüstandan keçməklə Orta Asiyaya yükdaşımaları icra edilir. Bu işlərin birbaşa Azərbaycan üzərindən həyata keçirilməsi üçün Türkiyə nümayəndə heyəti mövcud vəziyyəti yerində araşdırıb.

Eyni zamanda Azərbaycanlı daşıyıcıların UND vasitəsilə Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi barədə də danışıqlar olub.

Azərbaycanlı daşıyıcıların, ekspeditorların, menecerlərin peşə ixtisaslarının təkmilləşdirilməsi üçün UND-nin tədris bazasından istifadə olunması haqqında razılıq əldə edilib.

UND ilə Türkiyə hökuməti arasında koordinasiyalı işin nümunəsi əsasında Azərbaycanda da inkişafda olan kiçik və orta biznesin dövlət qurumları ilə ictimai iştirakçılıq haqqında qanunun müddəaları əsasında tərəfdaşlıq formasının hazırlanması və icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə ABADA arasındakı münasibətlərin bu praktikanın tətbiqi və inteqrasiya olunması üçün təkan olduğu vurğulanıb.

Görüşdə ABADA-nın prezidenti Həbib Həsənov Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin hər iki ölkə liderinin əsas hədəflərindən olduğunu vurğulayıb. Yeni strateji plandan bəhs edən ABADA-nın prezidenti, müasir xidmətin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu məqsədlə bir çox ölkələrin praktikaları öyrənilib. Son olaraq UND-nin keyfiyyətə nəzarət, təminat sistemləri, idarəetmə strukturu uyğun və məqbul seçilib. ABADA Prezidenti Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin təcrübəsinin əsas götürülərək ABADA üçün yeni idarəetmə konsepsiyası hazırlanacağını qeyd edib.

Görüşdə UND-nin icra aparatının rəhbəri Alper Özel uzun illərə dayanan tərəfdaşlığa və dəstəyə görə ABADA-ya və onun rəhbərliyinə təşəkkür edib. Azərbaycanın Türkiyənin Şərqə açılan qapısı olduğunu qeyd edən UND rəsmisi, Azərbaycan üzərindən daşınan yüklərin Türkiyənin iqtisadi potensialında mühüm rol oynadığını bildirib, bir çox məsələlərin həllində ABADA-nın onlara verdiyi dəstəyə, yardıma görə təşəkkür edib.