MTM-in Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar-sentyabr ayları üzrə ən yüksək xarici ticarət dövriyyəsi 2022-ci ildə (39 814 437 680 dollar) qeydə alınıb və bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 73,3% və ya 16 840 141 650 dollar çox olub.
Cari ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% və ya 4 605 204 020 dollar azalaraq 34 498 170 030 dollar təşkil edib. Ötən il bu rəqəm 39 103 374 050 dollara bərabər olub.
Rəsmi rəqəmlərə görə, cari ilin yanvar-sentyabr ayları üzrə ixrac olunan malların həcmi 19 854 929 480 dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% və ya 6 634 284 580 dollar azdır.
İdxal həcmi isə ötən ilin ilk 9 ayı ilə müqayisədə 16,1% və ya 2 029 080 560 dollar artaraq 14 643 240 550 dollara çatıb.
Son 5 ilin yanvar-sentyabr ayı üzrə göstəricilərə diqqət etsək görərik ki, ən yüksək ixrac həcmi 2022-ci ilin yanvar-sentyabr aylarında qeydə alınıb. 2022-ci ilin ilk 9 ayında icrac həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 101,8% (2,02 dəfə) və ya 14 891 304 780 dollar artaraq 29 521 125 650 dollar təşkil edib.
Əlavə məlumat üçün bildirək ki, son 5 ildə idxal həcmi üzrə göstəricilərdə artım müşahidə olunsa da, son iki ildə ixrac həcmi üzrə bunu deyə bilmərik. Buna səbəb isə təbii qaz və xam neftin dünya bazarında qiymətlərinin dəyişkən olmasıdır.
Son 5 ilin yanvar-sentyabr ayları üzrə ixrac və idxal əməliyyatlarının fərqinə diqqət etsək, sözügedən dövr üzrə yalnız müsbət saldonun yarandığını görə bilərik. 2022-ci ilin ilk 9 ayında 19 227 813 620 dollar həcmində müsbət saldo yaranıb və bu da son 5 ilin ən yüksək göstəricidir. 2022-ci ildə qeydə alınan göstərici 2021-ci ilin ilk 9 ayı ilə müqayisədə 205,9% (3,06 dəfə) və ya 12 942 467 910 dollar çox olub.
Cari ilin yanvar-sentyabr aylarında isə ticarət əməliyyatları yekununda yaranan müsbət saldo 5 211 688 930 dollara bərabər olub.
Cari ilin yanvar-sentyabr aylarında ixrac həcminə baxsaq, ilk sırada Avropa İttifaqı ölkələrinin yer aldığını görə bilərik. Daha dəqiq desək, 2024-cü ilin ilk 9 ayında ixrac gəlirlərinin 56,84%-i və ya 11 285 764 620 dolları Aİ ölkələrinin, 6,29 %-i və ya 1 248 192 210 dolları Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, qalan 7 320 972 650 dolları və ya 36,87% hissəsi isə digər ölkələrin payına düşür.
İdxal əməliyyatları üzrə Azərbaycan daha çox MDB ölkələrinə üz tutub. İlk 9 ayda ölkəyə gətirilən məhsulların 25%-i və ya 3 660 114 100 dolları MDB ölkələrindən idxal olunub. Aİ ölkələrindən idxal olunan məhsulların həcmi 2 030 922 650 dollar olub ki, bu da ümumi idxalın 13,87%-ni təşkil edib. Bu iki qrupa daxil olmayan ölkələrdən isə ilk 9 ayda 8 952 203 800 dollar dəyərində məhsul idxal olunub. Bu da ümumi idxalın 61,14%-nə bərabər olub.
Son 5 ilin ilk 9 ayında ixrac olunan məhsullar arasında qeyri neft-qaz məhsullarının payına diqqət etsək, hər il bu göstərici üzrə artım olduğunu görə bilərik.
Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında 2 465 089 030 dollar həcmində qeyri neft-qaz məhsulu ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% və ya 30 770 340 dollar artım deməkdir.
Bundan başqa, cari ilin ilk 9 ayında ixrac olunan qeyri neft-qaz məhsullarının həcmi ümumi ixracın 12,42%-ni təşkil edib. Ötən il isə bu göstərici 9,19%-ə bərabər olub.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin və digər iki ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlərə görə, Azərbaycan Cənubi Qafqazda ixrac həcmi idxal həcmindən çox olan yeganə ölkədir. Belə ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycanda ixrac həcmi 19,85 milyard dollar, idxal həcmi isə 14,64 milyard dollar təşkil edib. Nəticədə 5,21 milyard dollarlıq müsbət saldo yaranıb.
Cari ilin ilk 9 ayında Gürcüstanda ixrac həcmi 4,79 milyard dollar, idxal həcmi isə 11,99 milyard dollar təşkil edib. Nəticədə 7,2 milyard dollar həcmində mənfi saldo yaranıb.
Ermənistan Dövlət Statistika Komitəsi (həmçinin digər rəsmi qurumlar) cari ilin ilk 9 ayının hesabatlarını açıqlamadığı üçün müqayisə 2024-cü ilin ilk 8 ayı ilə aparılıb və məlum olub ki, yanvar-avqust aylarında sözügedən ölkənin ixrac həcmi 9,69 milyard dollar, idxal həcmi isə 12,01 milyard dollar təşkil edib. Bu da onu göstərir ki, cari ilin ilk 8 ayında Ermənistanın xarici ticarət göstəriciləri üzrə 2,32 milyard dollar həcmində mənfi saldo yaranıb.