ERMƏNİSTANIN FƏALİYYƏTİ AZƏRBAYCANLA SÜLHƏ DAHA BÖYÜK MANEƏ YARATMAĞA BAŞLAYIR

Azərbaycanla sülh sazişi imzalanmasında maraqlı olduğunu bəyan edən Ermənistan hələ də əməldə fərqli mövqe nümayiş etdirir. İlk növbədə Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəanı aradan qaldırmaqdan yayınır. Halbuki, bu müddəanın ləğvi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının başlıca şərtidir və bu, Ermənistan rəhbərliyinə də yaxşı məlumdur. Azərbaycanın bu xüsusda tələbi beynəlxalq hüquqa əsaslansa da, Ermənistan baş qanununda ölkəmiz qarşı ərazi iddialarını davam etdirir və beləliklə də barışa ciddi əngəl yaradır.

Sülh istiqamətində daha bir mühüm məsələ ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciətdir. Rəsmi Bakı hesab edir ki, Minsk qrupunun ləğvi üçün həm Azərbaycan, həm də Ermənistan birgə ATƏT-ə müraciət etməlidirlər. ATƏT daxilində qərarlar konsensus şəklində qəbul olunduğundan Minsk qrupunun ləğvi məqsədilə Ermənistanın da müvafiq müracət etməsi zəruri şərtdir. Lakin Ermənistan rəsmilərinin açıqlamalarından belə bəlli olur ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından sonra ATƏT-ə müraciət etməyi mümkün  hesab edir. Halbuki, sülh müqaviləsinin imzalanmasından  öncə Minsk qrupunun ləğvi üçün birgə müraciət əsas şərtlər sırasında yer alır.

Sülhə xidmət edən daha bir addım Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətinə son verilməsi olardı. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya prosesi üzrə reqlament razılaşdırılmasından sonra Avropa İttifaqının bu missiyasının fəaliyyətinə İrəvanın da ehtiyacı qalmayıb. Lakin buna rəğmən, Ermənistan mülki monitorinq missiyasının fəaliyyət müddətinin sonsuz olmasında maraqlı tərəf kimi çıxış edir. Reallıqda isə bu yanaşma da sülhə xələl gətirir.

Sülh və əməkdaşlıq istiqamətində Ermənistan tərəfindən yaradılan başlıca əngəllərdən biri hələ də İrəvanın regionda kommunikasiya əlaqələrinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasıdır. Bu, eyni zamanda rəsmi İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır.  Halbuki, kommunikasiya əlaqələrinin bərpası iki ölkə arasında etimad mühitinin qurulmasına da mühüm töhfə olardı. Lakin Ermənistanın fəaliyyəti bunu əngəlləyir.

Qərbi Azərbaycandan olan soydaşlarımızın ata-baba torpaqlarına qayıdışına da Ermənistanın maneə olması iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir edir. Burada xüsusi qeyd edilməlidir ki, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı beynəlxalq hüquqla təsbit olunur.  Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və digər beynəlxalq aktlarda bu məsələ açıq şəkildə öz əksini tapıb.  Qərbi Azərbaycan təmsilçiləri qayıdış üçün Ermənistan rəhbərliyinə müvafiq müraciətlər göndərsələr də, onlar cavabsız qalıb.

Bu və digər hallar Ermənistanın sülhə qarşı mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Elə bu siyasətin davamı olaraq, Ermənistan sürətlə silahlanır. Artıq bəllidir ki, Ermənistan hərbi məqsədlərə yönəlik xərclərini sürətlə artırır. Növbəti ildə bu xərclər daha 20 faiz artaraq 1,71 milyard ABŞ dollarına çatdırılacaq. 2025-ci ildə Ermənistanın  hərbi xərcləri ümumi daxili məhsulun  6 faizini təşkil edəcək. Beləliklə, Ermənistan yenə ən hərbləşdirilmiş ölkələrdən biri olacaq.

Nəzərə alınması daha bir vacib məqam odur ki, müəyyən Qərb ölkələri, xüsusən də Fransa, həmçinin Hindistan tərəfindən Ermənistan aktiv şəkildə silahlandırılır. Ermənistanın silahlandırılması bütün Cənubi Qafqaz regionunda davamlı sülhə maneə yaradan əsas amillərdən biri hesab olunur. Bunu Qərb ölkələri və Ermənistan rəhbərliyi də yaxşı bilirlər. Onların birgə fəaliyyəti bu qüvvələrin faktiki olaraq, sülhə qarşı çıxış etdikərini əyani şəkildə nümayiş etdirir.

Hadisələrin inkişaf axarı Ermənistanın Azərbaycan üçün təhdid mənbəyi olaraq qalmaqda davam etdiyini göstərir. Bu təhdidin miqyası genişlənərsə, Azərbaycan onu neytrallaşdırmaq üçün bütün vasitə və imkanlara malikdir. Rəsmi Bakı sözügedən xüsusda müvafiq xəbərdarlıqlarını həm Ermənistana, həm də onun havadarlarına çatdırıb. Azərbaycanın malik olduğu imkanlar təhdid mənbəyini coğrafiyasından asılı olmayaraq, aradan qaldırmağa imkan verir. Bu, Ermənistanın mütləq şəkildə nəzərə almalı olduğu məqamlardan biridir.

Azərbaycan belə hesab edir ki, Ermənistan sülh üçün real addımlar atmalı, iki ölkə arasında davamlı  sülh şəraitində münasibətlər qurulmalıdır. Ölkəmiz buna hazırdır, ancaq Ermənistan prosesi gecikdirməkdə davam edir.  Halbuki, bu vəziyyətdən daha çox zərər görən məhz Ermənistandır. Azərbaycan Ermənistanla sülh müqaviləsi olmadan yaşaya bilər. Lakin Ermənistan barəsində bunu demək mümkün deyil. Məhz bu kontekstdə də seçim Ermənistanındır.

MTM Analitik Qrup