COP29 iştirakçıları üçün avtomobillərin icarəsi xidmətini təmin etmək məqsədilə “Rent a Car Baku” şirkəti COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat vasitələrinin icarəsi üzrə tərəfdaşı seçilib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransında iştirak etmək məqsədilə ölkəmizə gələcək çoxsaylı qonaqların nəqliyyat seçimi ilə bağlı rahatlığını təmin etmək məqsədilə avtomobillərin icarəsi xidməti də təqdim olunur. Belə ki, COP29 müddətində qonaqların nəqliyyat vasitələri ilə təmin edilməsi və bu istiqamətdə daxil olan sorğuların operativ idarə olunması üçün rəsmi tərəfdaş seçilən “Rent a Car Baku” şirkəti qonaqlar üçün sedan, hetçbek, biznes-klas avtomobillər, mikroavtobus, avtobus və yolsuzluq siniflərindən olan avtomobillər də daxil olmaqla hər büdcəyə uyğun geniş nəqliyyat vasitələri seçimi təklif edir. Bundan əlavə, təkliflər çərçivəsində sürücü xidməti də əlavə seçim kimi təqdim olunur.
Böyük ziyarətçi axının gözlənildiyi tədbir müddətində seçim məhdudiyyətləri ilə üzləşməmək üçün http://www.rentacarbaku.az portalı üzərindən rezervasiyaların əvvəlcədən tamamlanması tövsiyə edilir. Qeyd edək ki, daha geniş heyətlə təmsil olunan nümayəndələr uyğun nəqliyyat vasitələri üzrə qrup rezervasiya sifarişləri üçün, həmçinin şirkətlə birbaşa əlaqə saxlaya bilərlər. Onu da qeyd edək ki, COP29 iştirakçıları “Rent a Car Baku” rəsmi tərəfdaşla yanaşı alternativ şirkətlərin xidmətlərini də seçməkdə sərbəstdirlər.
Rezervasiya prosesi ilə bağlı əlavə suallar cop29@rentacarbaku.az ünvanına yönləndirilə bilər.