LEYLA ƏLİYEVANIN “AÇIQ PƏNCƏRƏ” KİTABI FİN DİLİNDƏ NƏŞR OLUNUB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” kitabı fin dilində nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Açıq pəncərə” şeirlər toplusu oxuculara ruhun, fikrin, duyğunun təzahürü olan, peşəkarlıqla qələmə alınan yaradıcılıq nümunələrini çatdırır, onları poeziyanın səmimiyyətinə bir daha inandırır.

Kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr olunub. Kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.

Qeyd edək ki, “Açıq pəncərə” kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib. Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen klubunun üzvüdür. O, uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. 20 ildən çoxdur ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.