AZƏRBAYCAN RESPUBLİKASININ KİNO AGENTLİYİ “TACİKFİLM”LƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIR

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Tacikistanın “Tacikfilm” dövlət studiyası arasında film və digər audiovizual əsərlərin istehsalı və yayımı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə ARKA-dan məlumat verilib.

Bildirilib ki, ARKA-nın baş direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu və “Tacikfilm” studiyasının direktoru Məhmədsəid Şohiyonun imzaladığı memoranduma əsasən bir çox istiqamətlər üzrə ortaq razılıq əldə olunub. Memoranduma əsasən sənədli, bədii və animasiya filmlərinin istehsalında bilik və təcrübə mübadiləsi aparılacaq, ortaq film istehsalı təşkil olunacaq, hər iki ölkədəki kinematoqrafiya müəssisələri arasında birbaşa əlaqələr inkişaf etdiriləcək. Sənəddə, həmçinin film istehsalı və yayımı sahəsində seminar, ustad dərsləri və digər təlimlərin keçirilməsi, kinematoqrafiya sahəsi üzrə təhsil alan gənclərin təcrübə proqramlarına cəlb edilməsi və milli filmlərin beynəlxalq səviyyədə tanınması və təşviqi məqsədilə qarşılıqlı dəstək verilməsi nəzərdə tutulub.

Memorandumda, həmçinin filmlərin tərcüməsi və dublyajı istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, istehsal olunan filmlərin mübadiləsi və kinoteatrlarda yayımı üçün konkret hüquqi və iqtisadi mexanizmlərin işlənməsi və hər iki ölkədə keçirilən film festivallarında, müsabiqələrdə və digər mədəni tədbirlərdə iştirak edilməsi də öz əksini tapıb.

Qeyd edək ki, “Tacikfilm” studiyası ölkənin kino siyasətini və maliyyələşməsini həyata keçirən dövlət qurumudur.