“ABAD” ŞUŞA VƏ LAÇINDA

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə bağlı azad olunmuş ərazilərdə yaşayan yerli sakinlərlə görüşlər davam edir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti görüşlər Şuşa və Laçın şəhərlərində keçirilib.

“ABAD”ın direktoru Rüfət Elçiyev tərəfindən qurumun fəaliyyətinə dair təqdimatlar edilib. Həmin ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırılıb.

Təqdimatlar sual-cavab sessiyası ilə yekunlaşıb.

“ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Müvafiq proses ən yaxın zamanda həyata keçiriləcək.

Görüşdə Şuşa və Laçın rayonları üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər.