BRICS-İN MƏDƏNİ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ HEYDƏR ƏLİYEV VƏ ÇİNGİZ AYTMATOVA HƏSR OLUNMUŞ SƏNƏDLİ FİLM GÖSTƏRİLİB

Kazanda keçirilən BRICS sammitinin mədəni proqramına daxil olan milli filmlərin nümayişi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə və görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “Planetlə dialoq” sənədli filmi nümayiş etdirilib.

Tədbirin təşkilatçıları bildiriblər ki, “Mir” kinoteatrında Rusiyanın məşhur kinorejissoru Qriqori Naxapetovun “ADM-JACK” kinoşirkətinin istehsalı olan sənədli film nümayiş etdirilib. Ekran əsəri böyük şəxsiyyətlərin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edir.

Nümayişdən əvvəl filmin müəllifi və rejissoru Q.Naxapetov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, film Bişkekdə yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilib.