ƏHMƏD RƏCƏBLİ KÜÇƏSİNİN DAHA BİR HİSSƏSİNDƏ TƏMİR İŞLƏRİ BAŞA ÇATIB

Bakı şəhərinin Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək olan 850 metrlik hissəsində aparılan təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bu tədbirlər çərçivəsində aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.