ÇİKAQO ŞƏHƏRİNDƏ AZƏRBAYCAN BAYRAĞI UCALDILIB

ABŞ-nin Çikaqo şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi ABŞ-nin İllinoys ştatında fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə həyata keçirilib.

Hər il olduğu kimi bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycan haqqında məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısındakı “The Daley Center”də dalğalanıb.