HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ƏTRAF MÜHİTİN QORUNMASI ÇAĞIRIŞLI DAHA BİR SƏRGİ

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək. Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) fərdi sərgisinin açılışı olacaq.

Dotun Populanın 7-ci fərdi sərgisinin COP29 ərəfəsində Bakıda açılması isə ekspozisiyanın COP29-la səsləşməsidir. Belə ki, ev sahibliyi edəcəyimiz mühüm beynəlxalq tədbirin iştirakçıları hər il dünya dövlətlərini bir araya gətirərək keçirdikləri görüş və konfranslarda iqlimə diqqətin vacibliyini vurğulayırlarsa, heykəltaraş Dotun Popula da yaratdığı orijinal əsərləri ilə həmin mövzunu qabardır. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır.

Qeyd edək ki, 2012-ci ildən etibarən ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədi daşıyan “Tullantıdan sənətə” adlı beynəlxalq festival keçirilir. Əsasən məişət tullantılarından hazırlanan əsərlər hətta tullantının incəsənət əsərinə çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı Muzeyin açılması isə Azərbaycanda bu sahədə görülən uğurlu işlərin nəticəsi kimi qəbul edilə bilər.

Dotun Popula tullantı metallardan hazırladığı əsərləri vasitəsilə ilə hazırda bəşəriyyət üçün başlıca problemə çevrilən iqlimin qorunması, ətraf mühitə qayğının vacibliyinə diqqəti cəlb etməyi bacarır. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş “heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə “Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın “Dubay Ekspo 2020” sərgisindəki Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdur.