“TRT HABER” AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNƏ HƏSR OLUNMUŞ REPORTAJ YAYIMLAYIB

Türkiyənin “TRT Haber” telekanalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş reportaj hazırlayıb.

Videomaterialda Azərbaycan dövlətçiliyinin 1918-ci ildən bugünədək təşəkkül tapmasının tarixi mərhələlərindən bəhs edilir. Bu kontekstdə 1991-ci il oktyabrın 18-də respublika Ali Sovetinin növbədənkənar sessiyasında qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına xüsusi diqqət yetirilir. Reportajda vurğulanır ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub.

“TRT Haber” Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına misilsiz töhfəsini xüsusi qeyd edib. Bununla bağlı Ulu Öndərin uzaqgörən siyasəti sayəsində dünyanın yeddi ölkəsinin 11 şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” xatırladılır.

Reportajda qeyd olunur ki, müasir Azərbaycan 30-dan çox ölkəyə enerji resurslarının tədarükçüsüdür.

Telekanalın materialında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlərə xüsusi yer ayrılıb.

Türkiyənin İkinci Qarabağ müharibəsində qardaş ölkəyə göstərdiyi fəal siyasi dəstəyi xatırladan “TRT Haber” daha sonra vurğulayıb: “Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və tərəfdaşlığının təməlini Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamı təşkil edir”.

Reportajda, həmçinin Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələrdən, Bakının Türk Dövlətləri Təşkilatının yaradılması və inkişafında iştirakından da bəhs edilir.

“Müasir Azərbaycan tarixlə müasirliyin sintezidir. Ölkə iqtisadiyyatının inkişafı ilə paralel olaraq, indi Azərbaycanın siması da dəyişir. Bu, xüsusilə “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi və Olimpiya Stadionu kimi əzəmətli layihələrin həyata keçirildiyi paytaxt Bakıda hiss olunur”, -deyə telekanal qeyd edir.

“TRT Haber”in reportajı Azərbaycanın Dövlət Himninin mətni ilə başa çatır.