FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ QEYRİ-SABİT HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR ƏHALİYƏ MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir.

FHN-in mətbuat xidmətindən bildirilib ki, qeyd olunanları nəzərə alaraq, nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin güclü küləyin yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər, eləcə də havanın temperaturunun enməsi fonunda qızdırıcılardan istifadənin artması nəzərə alınaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və digər) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Təhlükə zamanı 112-yə zəng edilməlidir.