Təhsil sistemi bir neçə pillədən ibarətdir və burada əsas məsələ dini təhsilin bu pillələrdə necə yer almasıdır. Dini tədris sahəsində dövlətin nəzarəti vacibdir, çünki bu, təhsilin milli standartlara uyğun olmasını təmin edir. Müxtəlif dinlərin əsaslarına dair biliklərin ötürülməsi zamanı dinlərarası tolerantlıq və qarşılıqlı anlaşma ön planda olmalıdır. “Həyat bilgisi” fənni bu biliklərin bir hissəsi kimi dövlət tədris planına daxildir, dərsliklərin məzmunu və müəllimlərin hazırlığı diqqətlə izlənməlidir.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda çıxışı zamanı söyləyib.
Konfransının vacibliyindən bəhs edən nazir mövzunun bugünkü dünyada nə qədər aktual olduğunu vurğulayaraq deyib: “Bu sahədə ixtisaslaşmış mütəxəssislərin rəy və təklifləri böyük əhəmiyyət daşıyır və onların tövsiyələri gələcəkdə dini təhsil sisteminin təkmilləşdirilməsində həlledici rol oynaya bilər. Konfransdan böyük gözləntilər mövcuddur və bu tədbir həm elmi, həm də praktik cəhətdən dini təhsil sahəsinə yeni yanaşmaların ortaya çıxmasına töhfə verəcək”.
Emin Əmrullayevin sözlərinə görə, sinif otaqlarında dini tədris dövlətin müəyyən etdiyi standartlar əsasında aparılmalı, məktəblərdə dini təhsilin tədrisində isə yalnız dövlət standartlarına uyğun proqramlar həyata keçirilməlidir. O bildirib ki, dini təhsil sahəsində kadr hazırlığı da xüsusi diqqət tələb edir və bu istiqamətdə ixtisasların daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Həmçinin dini tədqiqatların və araşdırma məqalələrinin hazırlanması üçün daha geniş imkanlar yaradılmalı və bu məqsədlə tədqiqatlar aparılmalıdır. Nazir bu istiqamətdə aparılacaq tədqiqatların və mütəxəssis hazırlığının Azərbaycanda dini təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də qlobal çağırışlara cavab verən təhsil modellərinin formalaşmasına xidmət edəcəyini vurğulayıb.