DÜNYANIN YENİ GEOİQTİSADİ ARXİTEKTURASINDA AZƏRBAYCAN DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR

COVID-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri dünya geosiyasətində, eləcə də qlobal iqtisadiyyatda ciddi dəyişikliklər qeydə alınır. Yaxın Şərqdə gərginləşən vəziyyət, İsrailin Qəzzada və Livanda davam edən hərbi əməliyyatları bu dəyişiklikləri daha dinamik hala gətirir. Gözlənilən İran-İsrail müharibəsi, böyük dövlətlərin buna mümkün müdaxiləsi ilə bağlı verilən proqnozlar dünya nizamında, iqtisadiyyatında yeni mənzərənin formalaşması prosesini intensivləşdirən əlavə mühüm faktor hesab olunur.

Günümüzdə dünyanın geoiqtisadi arxitekturasında artıq mühüm yeniliklər qeydə alınmaqdadır. Məsələn, təchizat marşrutları xəritəsində ciddi dəyişikliklər baş verib və proses hələ də davam edir. Böyük Britaniyanın “Lloyd’s of London” sığorta şirkətinin araşdırmasına əsasən, təchizat zəncirlərinə təsir edəcək hipotetik geosiyasi münaqişələr səbəbindən qlobal iqtisadiyyat qarşıdakı beş il ərzində 14,5 trilyon ABŞ dolları ekvivalentində itki verə bilər. Burada ona xüsusi diqqət edilir ki, iqtisadi təsir münaqişə zonasında infrastruktura ciddi ziyan və gəmiçilik marşrutlarına potensial təhdidlə bağlı olacaq.

Əslində, qeyd olunan müstəvidə artıq konkret təsirlər hiss olunur. Məsələn, Rusiya-Ukrayna münaqişəsi və Qəzza zolağındakı müharibə səbəbindən Qara və Qırmızı dənizlərdə gəmiçilik marşrutları pozulub. Yaxın perspektivdə bu ənənəvi marşrutlar üzrə daşımalarda azalmaların davam edəcəyi gözlənilir. Məhz bu səbəbdən alternativ marşrutlar üzrə daşımalara getdikcə daha çox diqqət olunur. Avrasiya məkanında belə yeni daşıma marşrutlarının keçdiyi əsas məkanlardan biri isə Azərbaycandır.

Son üç il ərzində Azərbaycan üzərindən daşınan yüklərin həcmində intensiv artım müşahidə olunur. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri vasitəsilə daşınmaların həcminin və sürətinin artımı davam edir. Bu hal Azərbaycanın tranzit gəlirlərinin artımına rəvac verməklə yanaşı, onun dünya üçün logistika və beləliklə də iqtisadi önəmini əhəmiyyətli dərəcədə artırır. Perspektivdə Zəngəzur dəhliznin işə düşməsi sözügedən müstəvidə Azərbaycana əlavə dividendlər qazandıracaq.

Azərbaycanın tranzit imkanları, yerləşdiyi coğrafiya da ölkəmizin qlobal iqtisadiyyatda rolunu gücləndirən əsas faktorlardan biridir. Məsələn, təbii resurslar baxımından zəngin Mərkəzi Asiya ölkələrinin bu ehtiyatlarının, xüsusən də neft və qazının Qərb bazarlarına nəqli üçün alternativ marşrut məhz Azərbaycan üzərindən keçir. Qeyd edilməlidir ki, son illər ərzində Mərkəzi Asiya məhsullarının Azərbaycan üzərindən daşınmasındə böyük artımlar yaşanır və qarşıdakı dövr ərzində bu səpkidə göstəricilərin daha yüksək rəqəmlərlə ifadə edilməsi gözlənilir. Dünya geosiyasətində yaşanan dəyişikliklərin geoiqtisadiyyata təsirləri enerji resurslarının təmini məsələsində də özünü göstərir. Qərb ölkələrinin Rusiya karbohidrogen resurslarından imtinası bunun əyani təzahürlərindən biridir. Belə vəziyyətdə alternativ mənbələrə ehtiyac artır və yenə burada Azərbaycan rolu yüksələn ölkə qismində çıxış edir. Hazırda Azərbaycan Avropa üçün təbii qaz təchizatı sarıdan yeganə yeni enerji mənbəyidir. Bundan əlavə, Azərbaycan yaxın tezlikdə Avropanın “yaşıl enerji” ilə təminatında da əsas ölkələrdən biri olacaq. Geoiqtisadi dəyişikliklər dünya ölkələrinin iqtisadi artımına fərqli təsir göstərməkdədir. Ölkələrin bir çoxu üçün iqtisadi artımın təmini müşkülə çevrilib. Hətta bəzi ölkələrdə resessiya müşahidə edilir. Azərbaycanda isə iqtisadi artın dinamikası yenə özünün sürətli dövrünə qədəm qoyub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında ölkəmizdə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Artımın əsasını yenə qeyri-neft/qaz sektoru təşkil edib. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft/qaz sektorunda isə 7,1 faiz artıb.

Aparılan təhlillər bu nəticəyə gəlməyə əsas verir ki, uzunmüddətli perspektivdə dünya bir neçə geosiyasi bloka bölünə bilər. Bunun ilkin elementləri artıq müşahidə edilməkdədir. Belə vəziyyətdə iqtisadi güc mərkəzlərinin yenidən formalaşması da qaçılmaz hesab edilir. Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, fərqli mövqedə dayanan siyasi və iqtisadi güc mərkəzləri ilə yüksəksəviyyəli münasibətlərə malikdir. Bu da ölkəmizə yeni geosiyasi, geoiqtisadi şəraitdə çoxsaylı üstünlüklər qazandırır.
Hadisələrin inkişaf axarı qarşıdakı dövr ərzində Azərbaycanın dünyada siyasi, iqtisadi çəkisinin daha da yüksələcəyini göstərir. Bu hal Azərbaycanın geoiqtisadi mövqeyinin və bundan irəli gələrək xarici iqtisadi siyasətinin daha güclü özüllər üzərində dayanmasını təmin edən əsas məqamlar sırasında yer alır. Geoiqtisadi maraqların reallaşdırılması istiqamətində həyata keçirilən transmilli layihələr də Azərbaycanın üstünlüyünün daha da artırılamasına xidmət edir.

MTM Analitik Qrup