SİNQAPURDA YAŞAYAN AZƏRBAYCAN İCMASI İLƏ GÖRÜŞ OLUB

Sinqapurda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanın və Sinqapurun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayaraq komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər böyük layihələr barədə iştirakçılara məlumat verib.

Sonra Azərbaycan diasporunun fəaliyyətini, eləcə də Azərbaycanın Qarabağ zəfərini əks etdirən videoçarxlar nümayiş olunub.

Daha sonra görüşdə iştirak edən azərbaycanlı iş adamları, tələbələr və müxtəlif sahələrdə çalışan soydaşlarımız Sinqapurdakı Azərbaycan icmasını ilk dəfə bir araya gətirdiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Gəncədə doğulan, 20 yaşında Azərbaycandan köçən və 31 ildir Sinqapurda yaşayan Ləman Bağeri ötən il Bakıya getdiyini, ölkəmizin inkişafına heyran qaldığını və artıq vətəndaşlığını bərpa edərək Azərbaycana qayıtmaq fikrində olduğunu söyləyib. Həmçinin Rusiyada yaşayan məşhur azərbaycanlı onkoloq, professor Məmməd Əliyevin qızı Fərəh Mövsümova xaricdəki azərbaycanlıların ana dilini və milli kimliyini unutmaması üçün komitənin həyata keçirdiyi çoxsaylı layihələri yüksək qiymətləndirdiyini qeyd edib.

Azərbaycanın İndoneziya və Sinqapurdakı səfirliyinin konsulunun da iştirakı ilə qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatorları seçilib.

Toplantı Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifası ilə başa çatıb.