BMT ÜMUMDÜNYA KÖÇƏRİ QUŞLAR GÜNÜNDƏ HƏYƏCAN TƏBİLİ ÇALIR

BMT bu gün, oktyabrın 12-də qeyd olunan Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır.

Təşkilatın müraciətində deyilir: “Böcəklər bir çox köçəri quş növləri üçün təkcə çoxalma mövsümlərində deyil, həm də onların geniş səyahətləri zamanı vacib enerji mənbəyidir. Lakin biz hər on ildə dünyadakı həşəratların təxminən 9 faizini itiririk və quşların sağ qalması təhlükə altındadır. 2024-cü il Ümumdünya Köçəri Quşlar Günü 13 may və 12 oktyabr tarixlərində qeyd olunur və onların hər ikisində həyəcanverici azalma fonunda köçəri quşlar və həşəratlar arasındakı əlaqəyə diqqət yetirir, daha fəal mühafizə tədbirlərinə ehtiyac olduğunu vurğulayırıq. Quşlar və həşəratlar haqqında daha çox məlumat əldə etməli, eyni zamanda, bu məsələdə müsbət dəyişikliyi təşviq etməliyik”.

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Bu əlamətdar gün ildə iki dəfə – mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir. Amerikalı ornitoloqlar bu bayramı 1993-cü ildən etibarən qeyd edirlər. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.

Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.

Ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilir, qalan 27 faiz qışlayan və 10 faizdən çoxu isə köçəri quş növləridir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əks istiqamətə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon su-bataqlıq quşu keçir. Onlar ərazimizdən istirahət və yemlənmək üçün dayanacaq kimi istifadə edirlər. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arasında bəzgək respublika ərazisində qışlayır.