FRANSA-ERMƏNİSTAN CÜTLÜYÜNÜN AZƏRBAYCAN QARŞISINDA MƏĞLUBİYYƏTLƏR SERİYASI DAVAM EDİR

Qərbdə müəyyən dairələrin Azərbayacana qarşı böhtan və iftira kampanayasının getdikcə daha intensiv xarakter almasına baxmayaraq, bunun fiasko ilə nəticələnməsi də aydın müşahidə olunmaqdadır. Qeyd edilənlərin növbəti təzahürü Fransanın himayəsində fəaliyyət göstərən  Beynəlxalq Frankofoniya Təşkilatının son zirvə görüşündə özünü qabarıq şəkildə büruzə verdi. Sirr deyil ki, rəsmi Paris İkinci Qarabağ müharibəsindən sonra sözügedən təşkilatdan Azərbaycan əleyhinə platforma kimi istifadə etməyə can atır. Halbuki, bu, qurumun fəaliyyəti üçün elan etdiyi prinsip və məqsədlərlə birbaşa ziddiyyət təşkil edir, sülh və əməkdaşlıq prosesinə xələl gətirir. Amma Fransa adəti üzrə yenə  Beynəlxalq Frankofoniya Təşkilatından Azərbaycan əleyhinə istifadə etməyə, bu xüsusda qurumda müvafiq sənədin qəbuluna can atıb. Həmişəki kimi bu məsələdə Ermənistanın da vasitə olaraq  istifadə edilməsinə səy göstərilib. Lakin nəticə anti-Azərbaycan mövqeyində olan dövlətlər üçün tam fiasko olub.

Fransanın Villers-Cotterets və Paris şəhərlərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan əleyhinə tamamilə böhtandan ibarət sənədlərin qəbulu istiqamətində ermənilərlə fransızlar xeyli hazırlıq işləri görsələr də arzularına çata bilməyiblər. Bunun başlıca səbəblərindən biri Azərbaycan diplomatiyasının belə hallara qarşı əvvəlcədən preventiv tədbirlər görməsi, konkret dövlətlərlə iş aparması olub.

İkinci bir tərəfdən  Beynəlxalq Frankofoniya Təşkilatında yer alan dövlətlərin əksəriyyəti bu quruma üzv olmayan Azərbaycanla bağlı hansısa müzakirələrin aparılmasının, sənədlərin qəbulunun yersiz olmasını, belə halların mandatdan kənar olduğunu Fransa və Ermənistanın diqqətinə bir daha çatdırıblar. Bununla təşkilatın zirvə görüşündə Azərbaycan əleyhinə məqamların yer aldığı sənədlərdə təsbit olunan müddəalar  təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib. Azərbaycanın üzv olmadığı Beynəlxalq Frankofoniya Təşkilatında növbəti dəfə Ermənistanı, ən əsası isə Fransanı böyük məğlubiyyətə uğradıb. Yəni, bu ilk hal deyil.

Hələ 2022-ci ilin noyabr ayında Frankofoniyanın Tunisin Cerba şəhərində keçirilən sammitində də Fransa və Ermənistan eyni məğlubiyyət acısını yaşayıblar. O vaxt Fransanın birbaşa dəstəyilə sammitin yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə yenə yalan və qərəzli ifadələr daxil edilməsinə cəhdlər olunmuşdu. Hazırlanan sənəd üzv dövlətlərin müzakirəsinə təqdim olunanda qurumdakı Azərbaycana dost dövlətlər qərəzli müddəalara kəskin etirazlarını bildirdilər.  Nəticədə qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilmədi. Həmin vaxt təşkilatda hazırlanmış qətnamənin ilkin variantının sırf anti-Azərbaycan tezislər üzərində qurulduğunu və həqiqətə tam zidd olduğunu Prezident İlham Əliyev qeyd edirdi: “Frankofoniya təşkilatında olan dostlarımızın, – onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, – səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir”.

Ötən ilin noyabrında Beynəlxalq Frankofoniya Təşkilatının Kamerunda keçirilən iclasında Fransa və Ermənistan Azərbaycan qarşısında daha miskin duruma düşdülər. Kamerunda Azərbaycanın həmin vaxt sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana dost münasibəti Fransa və Ermənistanın Frankofoniya daxilində ölkəmizə məğlub olmasının daha bir mühüm göstərici oldu.

Qeyd edilməlidir ki, İkinci Qarabağ müharibəsi ilə bağlı Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasında da Azərbaycana qarşı qətnamənin qəbuluna xüsusi səy göstərmişdilər.  Ötən ilin avqustunda da Ermənistan BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın dəstəyi ilə ölkəmizi etnik təmizləmə siyasətində ittiham etməyə, müvafiq sənədin qəbul olunmasına can atırdı. Lakin bütün hallarda bu bacı ölkələr reallıqla üz-üzə, növbəti diplomatik məğlubiyyət yaşamağa məcbur oldular. Fransa  Avropa İttifaqında, Avropa Şurasında da Azərbaycana qarşı hansısa addımlar atmağa çalışır. Lakin bu vaxta kimi sözügedən qurumların parlamentlərində heç bir əhəmiyyət kəsb etməyən və hansısa icra qüvvəsi olmayan kağız parçalarının qəbulundan başqa nəyəsə nail olmayıb.  

Bütün bunlar Azərbaycanın xarici siyasət konsepsiyasının uğurunun da mühüm nəticələri kimi qiymətləndirilə bilər. Fransanı hiddətləndirən həm də odur ki, malik olduğu bütün statuslara və imkanlara baxmayaraq, Azərbaycan qarşısında hər dəfə məğlub bir duruma düşür. Lakin bu kontekstdə anlamır ki, Azərbaycan ədalətə, həqiqətə, reallığa uyğun davranır. Bunlara xələl gətirmək istəyən istənilən qüvvə məğlubiyyətə məhkumdur.  İndi Azərbaycanla ABŞ-ın münasibətlərini pisləşdirməyə çalışan, ermənipərəst mövqedə dayanan və ölkəmizə qarşı sanksiya çağırışı edən  bir qrup amerikalı konqresmen də Fransanın aqibətindən dərs çıxarmalıdır. Hər halda onların istəyi ABŞ-a heç bir dividend qazandırmır, əksinə, bu ölkənin nüfuzuna növbəti zərbə hesab olunur. Azərbaycan isə beynəlxalq norma və prinsiplər əsasında digər ölkələrlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafı siyasətinə sadiqdir. Bu da o deməkdir ki, ölkəmizə qarşı sərgilənən münasibətə Azərbaycan adekvat reaksiya nümayiş etdirəcək. Fransa ilə baş verənlər bunun ən yaxşı nümunəsidir. Ölkəmiz ərazicə kiçik olsa da beynəlxalq münasibətlər sistemində mühüm rolun ifaçısıdır. Əslində, bu hal dünya siyasətində yeni mühüm tendensiyadır. O səbəbdən Fransa, ABŞ və digərləri yeni reallıqları nəzərə almalı, uyğun davranış sərgiləməlidirlər. Əks halda uduzan özləri olacaq.

MTM Analitik Qrup