ABŞ-IN İKİÜZLÜ SİYASƏTİ BÜTÜN DÜNYADA İKRAH DOĞURUR

Prezident İlham Əliyev ABŞ Konqresindəki 60 ermənipərəst konqresmenin Azərbaycana qarşı sanksiya tələb edən müraciətini “çirkin” və əsassız adlandıraraq, Azərbaycanın iradəsinə təsir etməyəcəyini, belə müraciətlərin Azərbaycanın müstəqil siyasətini dəyişməyə və zəiflətməyə hesablandığını bildirib. Bu, o deməkdir ki, artıq Cənubi Qafqazı öz nüfuz dairəsinə salmaqda çətinlik çəkən Amerika adminstrasiyası region ölkələrini müxtəlif yollarla ləkələməyə, təzyiq metodu ilə onların daxili işlərinə müdaxilə etməyə çalışır. Regionun iki açar ölkəsini – Gürcüstan və Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasət yürütməsi indi Amerikanın Cənubi Qafqaza girişində əsas maneədir.

Prezident Əliyev müraciətin Amerika Dövlət Departamentində və hətta dövlət katibi tərəfindən yazıldığına şübhə etməməsi deməyə əsas verir ki, hazırda ABŞ-dan Azərbaycana yönələn əsassız ittihamların hamısı dövlət səviyyəsində hazırlanır, lakin konqresmenlərin fəaliyyəti ilə pərdələnir. Bunun ənənəvi Amerika siyasəti olmasını nəzərə alsaq deyə bilərik ki, artıq Azərbaycan tərəfi bu cür saxtakarlıqlara qarşı susmaq niyyətində deyil, Birləşmiş Ştatların hökmran davranışı heç bir halda ölkəmizin milli maraqlarını üstələyə bilməz.

Azərbaycanın öz doğma torpaqlarını Ermənistanın 30 il sürən işğalından azad etməsi xalqın və dövlətin hüquqi və mənəvi əsaslarına söykənir. Birinci, Azərbaycanın 44 günlük müharibə ilə azad etdiyi torpaqlar beynəlxalq hüquqla onun ərazisidir və bu, ABŞ da daxil olmaqla beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Lakin ermənipərəst konqresmenlərin hazırladığı bəyanatda bu faktın şübhə altına alınması və Qarabağın erməni əhalisinə Ermənistandan çox himayəçiliyin göstərilməsi bir daha Amerika siyasətinin erməni lobbisinin əlində oyuncağa çevrildiyini sübut edir.

ABŞ Azərbaycanı sanksiya ilə hədələyir. Lakin bu hədələr belə Azərbaycanı öz yolundan döndərə, ölkənin müstəqil siyasətinə təsir edə bilməz. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, bu cür xarici təzyiqlər Azərbaycanın milli iradəsini sındıra bilməz. Digər tərəfdən onu da nəzərə almalıyıq ki, ABŞ onsuz da Azərbaycana ilk dəfə 1992-ci ildə sanksiya tətbiq edib. 907-ci düzəlişin tətbiqi həmin dövrdə Amerikanın Azərbaycana bütün yardımlarını qadağan etmişdi. Əgər həmin dövrdə Azərbaycan bütün təzyiqlərə baxmayaraq ayaqda qalıb öz problemlərini təkbaşına həll etməyə nail oldusa bundan sonra heç bir sanksiya xalqın və dövlətin iradəsinə qalib gələ bilməz.

İndi vəziyyət Prezident İlham Əliyevin mövqelərini və onun Azərbaycan öz torpaqlarının azad edilməsinin regionun taleyində yeni dövrün başlanmasına ciddi təkan verməsi ilə bağlı prinsipiallığını daha da gücləndirir. Vaşinqtonun siyasəti isə ABŞ-ın ikiüzlü siyasətini ortaya qoyur, bu siyasətin bütün dünyada ikrah doğurduğunu bəyan edir.

MTM Analitik Qrup