“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, Azərbaycanda yaxınlarda səfərdə olmuş Rikardo Sançes işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb. Perulu jurnalist Peru Jurnalistlər Federasiyasının internet səhifəsində (fpp.org.pe), həmçinin Perunun nüfuzlu internet xəbər portalı “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəli məqalə dərc edib.
Müəllif yazıda uzun illər Ermənistanın işğalı altında olmuş və Azərbaycan ordusu tərəfindən azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa şəhərlərinə perulu jurnalistlərin ilk dəfə səfər etdiklərini qeyd edir.
R.Sançes Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşaya səfər edərək, 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin, kütləvi dağıntıların və talanların şahidi olduğunu, xüsusilə Cəbrayıl və Ağdam şəhərlərinin erməni vandalizminə məruz qaldığını, oradakı yaşayış infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin tamamilə məhv edildiyini qeyd edir. Müəllif Cəbrayıl şəhərində olarkən hər yerdə yalnız dağılmış evlər gördüklərini və qəbiristanlıqların talan edildiyini qeyd edərək, bu mənzərələrdən dəhşətə gəldiyini vurğulayır. O, bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə “Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhərində şahid olduğu erməni vandalizmindən bəhs edərək, işğal olunmuş ərazilərdə qədim məscidlərin, sarayların, tarixi memarlıq abidələrinin, mədəniyyət incilərinin və dini ibadət yerlərinin ermənilər tərəfindən dağıdılaraq yağmalanmaya məruz qaldığını diqqətə çatdırır.
Müəllif Gəncəyə səfərindən bəhs edərək, 44 günlük müharibə zamanı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətlərin şahidi olduğunu yazır. O, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən döyüş əməliyyatları zonasından xeyli uzaqda yerləşən şəhərin ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğunu və yüzlərlə insanın yaralandığını oxucuların diqqətinə çatdırır. Qeyd olunur ki, ermənilər bu kimi hərəkətləri ilə insanlar arasında qorxu yaymaq, mənəvi ruhu pozmaq və Azərbaycan xalqının əzmini sındırmaq istəsələr də, buna nail ola bilməyiblər, tam əks reaksiya ilə üzləşiblər.
Şuşa şəhərinin Azərbaycan üçün geosiyasi, tarixi, mədəni və hərbi-strateji vacibliyini açıqlayan jurnalist, olduqca mürəkkəb xüsusi əməliyyat nəticəsində şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna simvolik əhəmiyyətə malik olduğunu qeyd edir. Jurnalist 30 il əvvəl öz yurdlarından qovulan vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün yerlə yeksan edilmiş bu ərazilərdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verir.
O, təəssüflə yazır ki, Ermənistan silahlı qüvvələrinin uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirməsi faktı bərpa işlərini mürəkkəbləşdirir. Ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata baxmayaraq, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış sahələrin xəritələrini verməkdən imtina etdiyini qeyd edən jurnalist, Azərbaycan Hökumətinin bütün səylərinə baxmayaraq, bu ərazilərin minalardan təmizlənməsi prosesinin illərlə çəkə biləcəyini bildirir.
Müəllif yazısında səfər zamanı azərbaycanlı qaçqınlarla görüşdüyünü, onların erməni təcavüzü nəticəsində doğma evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, çəkdikləri əzab və ağrılardan bəhs etdiklərini, lakin buna baxmayaraq tezliklə öz doğma yurdlarına qayıdacaqları anı səbirsizliklə gözlədiklərini qeyd edir.