ERMƏNİSTAN BEYNƏLXALQ HUMANİTAR HÜQUQU KOBUD ŞƏKİLDƏ POZUR

Azərbaycanın yürütdüyü hücum diplomatiyasının hədəflərindən biri də Ermənistanın müxtəlif beynəlxalq platformalarda ifşası, verdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bu istiqamətdə atılan addımlar ölkəmizin təbliğati-siyasi üstünlüyünü təmin edir və təcavüzkar ölkənin əsassız iddialarının qarşısına sipər çəkir.

Oktyabrın 1-də Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfransın gedişi, aparılan müzakirələr Azərbaycanın bu istiqamətdə apardığı diplomatik işin səmərəli nəticələr verdiyini deməyə əsas verir. Tədbirdə çıxış edən xarici ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələri, siyasi ekspertlər Ermənistanın azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirməsi vacibliyini bir daha vurğulayıblar. Ölkə diplomatiyasının səyləri nəticəsində azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi, eləcə də kütləvi məzarlıqların yerinin dəqiqləşdirilməsi məsələləri dünyada humanitar problemlər kimi qəbul edilir.

Beynəlxalq konfransda açıqlanan faktlar təsdiqləyir ki, Ermənistan silahlı qüvvələrinin və terrorçu birləşmələrinin Birinci Qarabağ müharibəsində ərazilərimizin işğalı zamanı əsas hədəfi məhz dinc insanlar – mülki əhali olub. Ermənistan 90-cı illərin əvvəlində əsir və girov götürdüyü ölkə vətəndaşlarından 1480 nəfərini azad etsə də, digər əsirlərin taleyi ilə bağlı məlumatları gizlədib. Qarşı tərəfin bunda məqsədi yol verdiyi müharibə cinayətlərini gizlətmək, beynəlxalq ictimaiyyətin qınaqlarından yayınmaq olub. İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə isə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqların yerinin bildirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, etimad quruculuğu və barışıq baxımından vacib addımlar olardı.

Xatırladaq ki, Prezident İlham Əliyev postmüharibə dövründə Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlının taleyinin aydınlaşdırılması ilə bağlı Ermənistan qarşısında ciddi tələb irəli sürüb. 2022-ci il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə bu məsələ bir daha gündəliyə gətirilib. Ermənistan tərəfi həmin görüşdə müəyyən öhdəlikər götürsə də, sonradan buna əməl etməyib.

İşğalın səbəb olduğu itkinlər mövzusunun son 3 ildə aparılan danışıqlar prosesinin gündəliyində yer alması Ermənistan silahlı qüvvələrinin törətdiyi insanlıq əleyhinə cinayətlərin araşdırılması istiqamətində əməli addımların atılmamasının nəticəsidir. Qarşı tərəf beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslər və kütləvi məzarlıqlarla bağlı məlumatları ölkəmizə təqdim etmir. Səbəbsə aydındır –  Ermənistan tərəfi yaxşı başa düşür ki, bununla törətdiyi ağır növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq, beynəlxalq miqyasda ifşa olunacaq. Əslində, rəsmi Bakı erməni əsilli müharibə canilərini saxlamaqla, bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdıra bilib. Belə ki, 2023-cü ilin ilin iyul ayında Laçın sərhəd buraxılış məntəqəsində saxlanılmış Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verildiyini və bu prosesdə iştirakını etiraf edib.

2022-ci ilin mart ayında xarici işlər naziri Ceyhun Bayramovun işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı MT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubun təşkilatın Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması bu istiqamətdə mühüm diplomatik gedişlərdən biri olub. Sənəddə konkret faktlar əsasında göstərilib ki, Ermənistan hələ ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” və “Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını kobud şəkildə pozub. Münaqişənin əvvəllərində əsir və girovlar ayrı-ayrı hərbi hissələrdə, erməni mülki şəxslərin, xüsusilə səhra komandirlərinin evlərinin, yardımçı binalarının zirzəmilərində, qarajlarında, işğal olunmuş ərazilərdəki məişət obyektlərində qeyri-insani şəraitdə saxlanılıb.

Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edildiyi kimi, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir: “Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan 120 nəfər şəxsin meyit qalıqlarını Azərbaycan tərəfinə təhvil verib. Azad edilmiş ərazilərimizdə isə 500 nəfərdən çox insana aid meyit qalıqları tapılıb. Təcavüzkar ölkənin ərazilərimizi mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunmasına, ekshumasiya işlərinin aparılmasına ciddi maneələr yaradır. Onu da bildirək ki, ötən 4 ildə azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 18 kütləvi məzarlıq aşkar edilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyətinin eyniləşdirilib, bu ilin sentyabr ayında Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit qalıqları müəyyən edilib. Bundan əlavə, ötən ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri zamanı daha 6 hərbçimiz itkin düşüb.

Azərbaycan postmüharibə dövründə Ermənistanı informasiya cəbhəsində küncə sıxışdırır, İrəvanın birinci və ikinci Qarabağ müharibələrində törətdiyi müharibə cinayətlərini etiraf etməsinə nail olur. Aşkarlanmış faktlar təcavüzkar ölkəyə qarşı beynəlxalq məhkəmələrdə yeni iddiaların qaldırılması üçün də siyasi-hüquqi zəmin formalaşdırır. Bundan əlavə, problemin qlobal xarakterini, ciddiliyini nəzərə alan rəsmi Bakı BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasını zəruri hesab edir. Azərbaycanın təşəbbüsü əsasında BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürülməsi də beynəlxalq səviyyədə bu məsələyə diqqətin artırılmasına xidmət edir.

MTM Analitik Qrup