ÖLKƏNİN DİNAMİK İQTİSADİ İNKİŞAF TEMPİ SOSİALYÖNÜMLÜ XƏRCLƏRİN ARTIMINA İMKAN YARADIB

Sabit inkişaf tempinə görə son illərdə regionun aparıcı ölkələri sırasında yer alan Azərbaycanın milli inkişaf modeli hazırda qlobal təhdidlərə adekvat reaksiya verir. Ukraynadakı müharibənin doğurduğu yeni qlobal iqtisadi böhran dalğası – inflyasiya və qiymət artımları fonunda respublikamız iqtisadi inkişaf tempini qoruyub saxlayır, hökumətin sosial öhdəlikləri tam həcmdə yerinə yetirilir, təxirəsalınmaz və zəruri layihələrin icrasında hansısa ləngimələr hiss edilmir.
Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında və iqtisadi məsələlərə həsr olunmuş müşavirədə sosial-iqtisadi inkişafla əlaqədar səsləndirdiyi fikirlər dünyadakı geosiyasi gərginliklərə rəğmən, ölkəmizin dinamik inkişaf yolunda olduğunu, qarşıya qoyduğu hədəfləri inamla reallaşdırdığını bir daha təsdiq edir. Dövlət başçısı, eyni zamanda keyfiyyətcə yeni mərhələdə ölkə qarşısında duran prioritet hədəfləri də diqqətə çatdırıb.
İlin ötən dövrünün ən mühüm göstəricilərdən biri inflasiyanın cəmi 1 faiz həddində olması fonunda ümumi daxili məhsulun 4,3 faiz, qeyri-neft sektorunun 7 faiz artmasıdır. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, ölkəmiz bu göstəriciləri ilə inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz bəhrəsini verir.
İlin əvvəlindən bir sıra beynəlxalq maliyyə qurumları Azərbaycanın kredit reytinqlərini sabit saxlayır, inkişafa dair pozitiv proqnozlarını yeniləyirlər. Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatına əsasən, Azərbaycanda ümumi daxili məhsul istehsalının bu il 2,4 faiz, 2025-ci ildə isə 2,5 faiz artacağı gözlənilir. Cari il üçün Beynəlxalq Valyuta Fondunun, “Fitch” reytinq agentliyinin, Asiya İnkişaf Bankın Azərbaycan üçün açıqladığı proqnozlar hökumətin yürütdüyü iqtisadi siyasətin qlobal risk və təhdidlərin neytrallaşdırılması baxımından səmərəli olduğunu bir daha təsdiqləyir. 2024-cü il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 50,2 faizi və ya 17 milyard 164 milyon manatının neft sektorunun, 49,8 faizi və ya 17 milyard 9 milyon manatının qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır ki, bu da aparılan islahatların səmərəliliyini göstərir.  
Hər bir ölkənin strateji valyuta ehtiyatları onun iqtisadi və maliyyə təhlükəsizliyinə etibarlı təminat yaradaraq makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, qeyri-neft sektorunun inkişafında, sərmayə qoyuluşlarının həcminin artmasında mühüm rol oynayır. 2024-cü ilin yanvar ayından ölkənin strateji valyuta ehtiyatlarının 3 milyard dollardan çox dollar artaraq 73 milyard dollara yüksəlməsi hökumətə iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edən tədbirləri inamla davam etdirmək, makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı mümkün qədər cilovlamaq imkanı yaradıb. Valyuta ehtiyatlarımız 4 illik mal və xidmət idxalına kifayət etməklə yanaşı, makroiqtisadi dayanıqlılığın, və manatın dəyər itirməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda hökumətin apardığı islahatların başlıca məqsədi investisiya mühitinin əlverişli vəziyyətə gətirilib çıxarılmasından ibarətdir. Bu tədbirlər sırasında biznesə başlama prosedurlarının sadələşdirilməsini, biznes qurumlarının fəaliyyəti üçün maksimum liberal mühitin yaradılmasını, vergi və gömrük orqanlarında aparılan islahatları xüsusi qeyd etmək olar. Bundan əlavə, dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları ölkəmizin investisiya cəlbediciliyini ilbəil artırır.
Azərbaycanda son illərdə formalaşmış inkişaf modelinin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. 2018-ci ildən ölkədə reallaşdırılan dörd sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Prezident İlham Əliyev: “Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır. Yəni, bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir”.
Hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasının 2025-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi bir daha təsdiqləyir ki, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.
Sosial xərclərin büdcədəki xüsusi çəkisinin ildən-ilə yüksəlməsi Azərbaycanda sosialyönümlü siyasətin prioritet olduğunu təsdiqləyir.