Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların ikitərəfli münasibətlərin spektrini nəzərdən keçirmək və gələcək əməkdaşlığın yeni istiqamətlərini araşdırmaq üçün vacibliyi qeyd olunub.
Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidinə qarşı mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində görülən işlərə təhdid törədən əsas amillər, o cümlədən Ermənistanın Konstitusiyası və digər qanunverici sənədlərində ölkəmizə qarşı ərazi iddialarının mövcudluğu, habelə bu ölkənin sürətli silahlanması diqqətə çatdırılıb.
Azərbaycanın COP29-a Sədrlik fəaliyyətindən bəhs edən nazir Ceyhun Bayramov mümkün əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə hazır olduğumuzu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.