PAŞİNYAN MƏSULİYYƏTDƏN YAYINMAĞA ÇALIŞIR

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında “Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq” bəyanatı ilə  həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə sülh prosesinə sadiq olmaqdan başqa heç bir çıxış yolunun qalmadığını bildirib. O, bununla sülhü təmin etmək üçün konstitusiya dəyişikliklərinə getməyin vacib olduğunu anladığını etiraf edib.
Nikol Paşinyan həm də ondan narahatdır ki, bu məsələ ilə bağlı Ermənistanın daxili hüquqi sistemində potensial maneələr ola bilər. Konstitusiya Məhkəməsi sülh müqaviləsini qanunlara zidd hesab edərsə, bu, faktiki prosesin qarşısının alınması mənasına gələcək. Paşinyan belə bir ssenarini qabaqlayaraq, mümkün hüquqi maneələri aşmaq üçün konstitusiya dəyişikliklərinə açıq olduğunu nümayiş etdirir. Paşinyan həmçinin sülh prosesinə qanunvericilik çərçivəsində manevr imkanları təmin etməyə çalışır.
Nikol Paşinyan sülh prosesində parlament, Konstitusiya Məhkəməsi və digər siyasi strukturların dəstəyini qazanmaq üçün bu mövzuya tez-tez müraciət edir. Digər tərəfdən bu bəyanat daxili siyasi qüvvələri sülh müqaviləsinin zəruriliyi ətrafında birləşdirmək məqsədi daşıyır. O, konstitusiya dəyişikliklərinin lazımlılığına dair dəstək qazanmağa, ictimai rəyi inandırmaq yolu ilə revanşist qüvvələri oyundan kənarda saxlamağa çalışır.
Bu açıqlamanı beynəlxalq ictimaiyyətə və vasitəçilərə ünvanlanan mesaj kimi də qəbul etmək olar. Nikol Paşinyan bir tərəfdən sülh tərəfdarı olduğunu göstərmək istəyir. Lakin eyni zamanda bütün məsuliyyəti Konstitusiya Məhkəməsinin üstünə atmaqla özünü məsuliyyətdən yayındırmağa cəhd edir. Çünki o, yaxşı bilir ki, konstitusiya dəyişikliyinin həyata keçirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında əsas amillərdən biridir. Bu baxımdan əldə ediləcək uğuru öz adına, qarşıya çıxacaq problemləri isə Konstitusiya məhkəməsinin adına yazmaq istəyir.
Nikol Paşiyana görə, konstitusiya dəyişiklikləri ilə bağlı istənilən addım cəmiyyətdə müzakirələrə səbəb olacaq. Ona görə də o, daxili siyasi qüvvələrin və cəmiyyətin geniş şəkildə dəstəyinin təmin edilməsinin zəruriliyini bilir və bu istiqamətdə addımlar atır. BMT kürsüsündən verilən bəyanat da ən çox buna hesablanıb. Digər tərəfdən Ermənistan iqtidarı artıq başa düşüb ki, mövcud vəziyyət Azərbaycanla sülh prosesində hüquqi və siyasi baxımdan mürəkkəb bir mərhələyə keçib və hökumətin sülh naminə qanunvericilik sistemində dəyişikliklər etməkdən başqa yolu qalmayıb.