BUNDAN SONRA HEÇ BİR QÜVVƏ BİZƏ QALİB GƏLƏ BİLMƏZ!

Dörd il öncə bütün Azərbaycan tarixi günlərini yaşayırdı. Azərbaycan ordusunun Qarabağın işğalına son qoymaq əzmi hamımızın qəlbini fərəhlə doldururdu. Cəbhədən hər şad xəbər gəldikcə sanki illərdir pərən-pərən olan daşlar bir-bir yerinə otururdu. Güclü liderin sayəsində Azərbaycanın qalib dövlət, insanlarımızın qalib millət obrazı formalaşırdı. Qarabağ uğrunda gedən döyüşlərdə misilsiz igidlik nümunələri göstərən qəhraman ordumuz bütün xalqımıza şanlı tarixinin öyünə biləcəyi qəhrəmanlıq nümunələri yaşadırdı. O möhtəşəm tarixi Azərbaycan əsgəri özü yazırdı. Ordumuzun döyüş əzmi bizi 30 ildir həsrətlə gözlədiyimiz böyük amalımıza yaxınlaşdırırdı. Bir vaxtlar əlindən hər şeyi alınan, ev-eşiyi talan edilən, bütün həyatı cəhənnəmə çevrilən millətin davamçıları düşmənə göz açmağa imkan vermirdi. Çünki onların hamısı bu 30 ildə Qarabağ arzusu ilə böyümüşdü. Ona görə də Prezident deyir: “Elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar”.

Hələ Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar 2018-ci ildə keçirilən hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir”. 2019-cu il oktyabrın 3-də isə Prezident İlham Əliyev Rusiyada keçirilən Valday sammitində Ermənistan baş nazirinin regionda yeni siyasi dinamit rolunu oynayan, nizamlama prosesinə ciddi zərbə vuran, Ermənistanın bugünkü rəzil və rüsvayçı vəziyyətinə gətirib çıxaran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavabında bildirdi ki, “dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu bəyanatdan düz bir il sonra – 2020-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti hamının səbirsizliklə gözlədiyi xoş xəbəri doğma xalqı ilə paylaşdı, tarixi adını bərpa edən Suqovşanda Azərbaycan bayrağı dalğalandı. “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, – deyən Prezident İlham Əliyevin sarsılmaz iradəsi dörd il öncə müqəddəs savaşa qalxan bütün Azərbaycan vətəndaşlarının arzu və istəklərini ifadə edirdi.

Nikol Paşinyanın populizmini bir həftənin içində döyüş meydanında darmadağın edən Azərbaycan Prezidentinin dəyanəti Ermənistanın siyasi rəhbərliyinə aydın mesaj oldu. Amma onlar bundan nəticə çıxarmadı. Mülki insanları, yaşayış massivlərini hədəfə aldı. Ancaq Gəncəyə, Tərtərə, Mingəçevirə, Goranboya və bir sıra rayon və şəhərlərimizə edilən alçaq hücumlar insanlarımızın əzmini qıra bilmədi. Ev-eşiyi, malı-mülkü dağılan vətəndaşlarımız dövlətin, Prezidentin ətrafında sıx birləşdi, milli maraqlar naminə vahid amalla – Qarabağın işğaldan tam azad olunması arzusu ilə yaşadı. Küçədən hakimiyyət zirvəsinə qalxan, Soros əlaltısı Paşinyandan fərqli olaraq heç bir xarici dövlət başçısına zəng etməyən, heç kimdən heç nə istəməyən İlham Əliyev özünə güvənərək hərəkət etdi, o, xalqın iradəsindən, özünün qurduğu güclü ordunun rəşadətindən ilhamlandı.

Beləliklə, şanlı Azərbaycan əsgəri “yenilməz Ermənistan ordusu” mifini darmadağın etdi, təkcə torpağı yox, həm də Azərbaycan tarixini, mədəniyyətini işğaldan qurtardı. Azərbaycan Ermənistanı kapitulyasiya sənədinə qol çəkməyə məcbur etdi. Son dörd il ərzində aparılan sülh danışıqlarında öz mövqelərini daha da möhkəmlətdi, Ermənistanın bütün manipulyasiyalarının qarşısı qətiyyətlə alındı. Azərbaycan torpaqlarında hələ də separatçılığın kökünün kəsilməsində maraqlı olmayan qüvvələr də cavabın aldı. Azərbaycan qətiyyətli addımları sayəsində əvvəlcə Laçın dəhlizinə xüsusi status verən bəyanatların qarşısı alındı, ötən ilin sentyabrında isə ordumuzun keçirdiyi bir günlük antiterror əməliyyatı sayəsində dövlət suverenliyimiz tam bərpa edildi. Bununla da həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edən Azərbaycan müstəqillik tarixi ərzində ilk dəfə bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirdi.

Bu gün azad edilmiş torpaqlarda geniş bərpa və quruculuq işləri aparılır. Xalqın qurub yaratmaq arzusu Qarabağı cənnətə çevirmək istəyən dövlət başçısının qarşıya qoyduğu məqsədlərə dəstək verir, uzun illərdən sonra azad edilmiş ərazilərdə yenidən həyat qaynayır. Azərbaycanın şanlı üçrəngli bayrağı rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində bu gün Şuşa zirvəsində dalğalanır. İndi o zirvədən yenə də muğam sədaları gəlir, vaxtilə Ulu Öndər Heydər Əliyevin qoyduğu ənənəyə uyğun olaraq Vaqif Poeziya Günləri, “Xarı bülbül” festivalı keçirilir. Azad Qarabağ qarış-qarış yenidən qurulur.

Prezident İlham Əliyev Qarabağ düyününü özü açdı, bu ağır yükü gələcək nəsillərə miras qoymadı. Bu, İlham Əliyevin xalqı və dövləti qarşısında müqəddəs tarixi xidmətidir. Azərbaycan tarixinin ən şanlı hadisəsi sayəsində biz bir millət olaraq yenidən doğulduq. Bundan sonra bizi heç kim əyə bilməz! Bundan sonra heç bir qüvvə bizə qalib gələ bilməz! Bundan sonra xalqımız öz torpağında, öz dövlətində QALİB XALQ, Azərbaycan isə MÜZƏFFƏR ÖLKƏ kimi yaşayacaq!

MTM Analitik Qrup