TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLARI REGİONAL GÜC MƏRKƏZİNƏ ÇEVRİLİB

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-York şəhərində keçirilən qeyri-rəsmi iclası deməyə əsas verir ki, Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazla bağlı yeni geosiyasi reallıqların, eləcə də Ermənistanın sülh və etimad quruculuğu prosesinə xələl gətirən davranışlarının dünyaya çatdırılmasında təşkilatın imkanlarından maksimum faydalanmağa çalışır.

Xatırladaq ki, bu il 15 illiyini qeyd edən təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Hazırda Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan TDT-nin əsas, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi üzvləridir. Azərbaycan eyni dil, din və mədəni köklərə malik türkdilli ölkələri birləşdirən beynəlxalq statuslu quruma çevrilmiş bu təşkilatla əlaqələrinin genişlənməsi, müxtəlif beynəlxalq platformalarda birgə əməkdaşlığın təmini istiqamətində bir sıra mühüm tədbirləri uğurla reallaşdırır. Bu istiqamətində atılan addımlar, ilk növbədə, türk dünyasının ortaq dəyərlərinin bəşəri miqyasda tanıdılması və təşviqi, qlobal təhdidlərə qarşı birgə mübarizə strategiyasının hazırlanması baxımından əhəmiyyətlidir.

TDT-yə üzv ölkələrlə ikitərəfli və çoxqütblü əməkdaşlığın genişləndirilməsi zərurəti İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlarla şərtlənir. TDT-yə üzv ölkələrin Vətən Müharibəsi zamanı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirmələrini, ölkəmizin haqlı mübarizəsinə mənəvi-siyasi dəstək vermələrini yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində dost ölkələrin şirkətlərinin iştirakına lazımi şəraitin yaradılacağını bildirib. 2022-ci il sentyabrın 16-da Şuşada keçirilən, Qarabağ regionunun bərpası və inkişafına həsr olunan Şuşa Türk Biznes Forumu isə türkdilli dövlətlər arasında iqtisadi, biznes və investisiya əlaqələrinin dərinləşdirilməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdimatı baxımından əhəmiyyətli olub. 

TDT-nin Xarici İşlər Nazirləri Şurasının Nyu-Yorkda keçirilən qeyri-rəsmi iclasında vurğulandığı kimi, 2024-cü ildə təşkilatın Şuşa şəhərində qeyri-rəsmi zirvə görüşünün təşkili qurum çərçivəsində əməkdaşlığa yeni təkan alıb. Həmin zirvə görüşündə Qarabağ Bəyannaməsinin qəbulu türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb edir. Türk Akademiyasının təşəbbüsü ilə hazırlanan, 2024-cü il sentyabrın 11-də rəsmi olaraq qəbul edilən yeni ortaq əlifba əməkdaşlığın mədəni-humanitar sahələrdə də inkişafını sürətləndirəcək.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə TDT dövlət başçılarının sammitlərinin ildə bir deyil, iki dəfə keçirilməsinə başlanılıb. Türkiyənin cənub-şərqində ötən ilin fevral ayında baş verən, dəhşətli dağıntılara, insan tələfatına səbəb olan zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi, ilk növbədə, Azərbaycan və Türkiyənin bir-birinin yanında olmalarını, qarşılıqlı yardımlaşmalarını, münasibətlərinin dərin mənəvi köklərə, səmimiyyətə söykəndiyini bir daha təsdiqləyib. Bu təşəbbüs türk dünyasının zəlzələnin nəticələrinin aradan qaldırılmasında, ümumən ekstremal situasiyalarda birgəliyini dünyaya nümayiş etdirmək baxımından da əhəmiyyəli olub.

Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində də əməli addımlar atır. Bu kontekstdə rəsmi Bakının Qırğızıstan, Özbəkistan və Qazaxıstan ilə münasibətlərinin son illərdə strateji müstəvidə inkişafı xüsusilə qeyd oluna bilər. Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayan ölkə kimi Orta Dəhlizin fəaliyyətinin gücləndirilməsini, yükdaşımalar üçün daha əlverişli şəraitin yaradılmasını təşviq edir. Qarşıdakı illərdə Zəngəzur dəhlizinin fəaliyyəti türk dövlətlərinin nəqliyyat-logistika sahəsində səmərəli əməkdaşlığına mühüm töhfələr verəcək.

Hazırda İran ərazisindən inşa edilən Şərq Araz nəqliyyat dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Nəticədə Azərbaycan, İran, Rusiya və Türkiyə ərazisindən yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq. Bu dəhliz Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində mühüm rol oynamaqla yanaşı, türk dünyasının inteqrasiyasını da sürətləndirəcək.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, eyni zamanda yaşıl enerji istehsalı və ixracı sahəsində bir sıra mühüm layihələr həyata keçirməsi keçirməsi hazırda TDT ölkələri tərəfindən razılıq və qürurla qarşılanır. Ölkəmizin reallaşdırdığı layihələr Mərkəzi Asiya ölkələrinin Qərbə yaşıl enerji ixracı üçün də münbit şərait yaradacaq. Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda, Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Avropaya ixrac edə biləcək. Yaradılacaq potensial Azərbaycanın elektrik enerjisinin ixracı sahəsində tranzit ölkəyə çevrilməsini təmin edəcək.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, Nizamnamə Kapitalı 500 milyon manat təşkil edən Türk İnvestisiya Fondunun fəaliyyəti birgə layihələrin maliyyələşdirilməsi baxımından yaxşı perspektivlər vəd edir. Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2022-ci il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə istiqamətlənib. 

Bütün bunlar bir daha təsdiq edir ki, dünya iqtisadi-təsərrüfat sistemində xüsusi çəkiyə malik türkdilli ölkələrin əməkdaşlıq üçün bu potensialdan səmərəli bəhrələnmələri, bir sıra mühüm sahələrdə, o cümlədən nəqliyyat-logistika sektoru üzrə əməkdaşlığı qlobal çağırışlara əsaslanır.