AZƏRBAYCAN ERMƏNİSTANA QARŞI

Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində süni gecikdirmələrə yol verməsi, bir sıra vacib məsələlərin həllinə qeyri-konstruktiv yanaşması yenidən İrəvanın sülh quruculuğunda səmimi olmadığını gündəmə gətirib. Ermənistanın sürətlə silahlandırılması istiqamətində atılan addımlar bu qənaəti daha da möhkəmləndirib. Belə olan halda Bakının Ermənistanı sülhə məcburetmə planlarının yenidən aktivləşdirilməsi zərurətə çevrilib və bu planlardan biri də təzminat məsələsidir.

Hələ bir neçə il bundan qabaq Prezident İlham Əliyev 30 il işğal altında qalan torpaqlarımızda bütün yaşayış məntəqələrinin foto-video çəkilişlərinin aparılması və faktların protokollaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Bura azad edilmiş, lakin dağıdılmış ərazilərin peyk vasitəsilə, həmçinin, dronlarla çəkilişini aparmaq, tarixi abidələrin məhv edilməsi, ictimai və dövlət əhəmiyyətli binaların, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların vəziyyətini əks etdirən faktların toplanması, dağıdılmış əmlakın qiymətinin o vaxtkı rubl ekvivalentində hesablanması və indiki məzənnə ilə qiymətləndirilməsi, ekologiyaya vurulan ziyanın müəyyən edilməsi,  qırılmış meşələrin və ağacların bazar qiymətinin, məhsuldar torpaqların qanunsuz istismarından gələn gəlirin çıxarılması da daxil idi. Çünki bütün bunlar təzminat davasının başlanması üçün əsas sayılır və bu cür faktlar məhkəmədən öncə tanınmış beynəlxalq şirkətlərin rəyində əskini tapmalıdır.

Görünən odur ki, Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək. Çünki 30 il davam edən işğal dövründə onun Azərbaycana vurduğu maddi-mənəvi zərərin miqyası ölçüyəgəlməzdir və bu dəhşətli vandalizmi törədənlərin beynəlxalq miqyasda cəzalandırılması labüddür. Əgər rəsmi İrəvan bunun necə baş verəcəyini hələ də təsəvvür edə bilmirsə, bununla bağlı beynəlxalq hüquqda və tarixşünaslıqda kifayət qədər nümunə var. Yeri gəlmişkən, onlardan bəzilərini xatırlayaq. Məsələn, 1991-ci ildə İraqın Küveytə hücumu ona çox baha başa gəldi. BMT-nin vurulan zərərin miqdarını müəyyən etmək üçün yaratdığı komissiyanın iddiası əsasında İraq Küveytə 50 milyard dollardan çox təzminat ödədi. Bundan çox əvvəl isə, daha konkret desək, İkinci Dünya müharibəsindən sonrakı Almaniya böyük təzminat öhdəlikləri ilə üz-üzə qaldı. SSRİ Almaniyanın bir hissəsini ilhaq etdi və milyonlarla almanı o torpaqlardan qovdu. Fransa Saar protektoratını nəzarətə götürməklə Almaniyanın kömür yataqlarını ələ keçirdi. Hollandiya da təxminən eyni addımı atdı, Almaniyanın 69 kvadratkilometr ərazisini özünə birləşdirdi. Müharibə başa çatdıqdan sonra müttəfiqlər dəyəri 10 milyard dollarla ölçülən alman patentinə əl qoydu. Yunanıstan da Almaniyanın müttəfiqlərə ödədiyi təzminatdan pay aldı. Bu, təxminən 25 milyard dollar dəyərində pul və sənaye malları idi. İsrail də Almaniyaya qarşı qaldırdığı iddiada qalib gəlib tələb etdiyi təzminatı aldı.

Ümumiyyətlə, beynəlxalq-hüquqi məsuliyyətin növləri və formaları arasında maddi məsuliyyət xüsusi yer tutur. Kompensasiya beynəlxalq hüquqda, həmçinin, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının layihəsində əks olunan əsas formalardan biridir. Orada göstərilir ki, kompensasiya dövlətə və ya beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi zərərin pul formasında ödənilməsidir. Kompensasiyanın ödənilməsini hüquqi baxımdan təsbit edən əsas beynəlxalq hüquqi aktlar yalnız bunlardan ibarət deyil. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq pakt, “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası və Avropa Mədəniyyət Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası da təcavüzkar dövlətlər üzərində məsuliyyət forması yaradır. Əsas beynəlxalq hüquqi aktlardan biri də özbaşına və ya qanunsuz olaraq öz əmlakından didərgin salınmış şəxslərin mülkiyyətinin geri qaytarılması ilə bağlı hüquqi və texniki məsələlər üzrə təlimatlardır ki, bu sənəd 2005-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasında rəsmən təsdiqlənib. Orada əks olunan prinsiplər zərərçəkmişə kompensasiya ödəməyə icazə verir. Digər tərəfdən BMT Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsində də bu məsələ ilə bağlı ayrıca müddəa var. Orada qeyd edilir ki, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri kompensasiya yolu ilə ödəməyə borcludur. 

Ermənistana gəldikdə isə onun işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi cinayətlər, kütləvi talançılıq halları, vandalizm aktları ilə bağlı çoxsaylı faktlar artıq beynəlxalq sənədlərdə əksini tapıb. Məsələn, ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini etiqad azadlığının vəziyyətini əks etdirən illik hesabatında qeyd olunub ki, Ermənistan uzun illər işğal etdiyi Azərbaycan torpaqlarında yüzlərlə abidəni, məscid və ziyarətgahları talan edib və dağıdıb. 2000-ci ildə qəbul olunan BMT-nin İnsan İnkişafı Hesabatında isə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana vurulan ümumi iqtisadi zərərlə bağlı konkret rəqəm yer alıb: 53,5 milyard dollar. Şübhəsiz ki, indiki vəziyyət 22 il əvvəlki vəziyyətlə yerdən göyə qədər fərqlənir və aparılan araşdırmalar tamamilə başqa mənzərəni ortaya qoyacaq. 2022-ci ilin martında Prezident İlham Əliyev Bakıda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşündə bəyan etmişdi ki, dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir və onlar buna görə cəzalandırılmalıdır. “Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik” deyən dövlət başçısı artıq bunun Azərbaycan üçün prinsipial məsələ olduğunu əminliklə bəyan etmişdi. İndi Ermənistanın yalançı sülh vədləri ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığı vaxt təzminat məsələsinin yenidən gündəmə gətirilməsi onun ikiüzlülüyünün aşkara çıxarılması üçün əla imkan olar. Artıq dünyanın ermənilərin törətdiyi ən rüsvayçı vandalizmin məhkəmə çəkişməsinə şahidlik edəcəyi prosesin vaxtıdır.

MTM Analitik Qrup