ERMƏNİSTANI SİLAHLANDIRAN ÖLKƏLƏR REGİONDA DAYANIQLI SABİTLİYƏ MANE OLUR

Azərbaycanın regionda dayanıqlı sülhün, sabitiyin təmini, münaqişə səhifəsinin birdəfəlik qapadılması istiqamətində reallaşdırdığı tədbirlər Ermənistan tərəfindən adekvat qarşılanmır. Sözdə regionda sülh və sabitlikdə maraqlı olduğunu iddia edən Ermənistan reallıqda ölkəmizə qarşı təkcə ideloji-siyasi deyil, hərbi təxtibatlarını da davam etdirir. Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı açıq ərazi iddialarının yer aldığı Ermənistanın militarizm siyasətini son aylarda daha da genişləndirməsi, Ordusunu müasir silahlarla təchiz etmək istəyi regional sabitlik üçün potensial təhdiddir.

Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu məsələyə növbəti dəfə diqqət çəkərək, Ermənistanın Fransa və digər dövlətlər tərəfindən silahlandırılmasının fəsadlarından danışıb: “Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir…Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır”.

Ölkəmizin 1 il əvvəl keçirdiyi lokal antiterror tədbirləri ilə qısa müddətdə Qarabağdakı separatçı rejimin ləğvinə nail olması, suverenliyini bərpa etməsi Ermənistanın yürütdüyü siyasətin iflası olmaqla yanaşı, bu ölkənin “yenilməz ordu” iddialarının mif olduğunu növbəti dəfə təsdiqləyib. Bu məcburetmə tədbiri göstərib ki, rəsmi İrəvanın istənilən revanşist addımı və regiondakı geosiyasi reallıqlarla barışmamaq cəhdləri iflasa məhkumdur. Azərbaycan istənilən xarici təhdid və maneələri inamla zərərsizləşdirir, milli maraqlarını təmin edir.

Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin tələbə və müəllim heyəti ilə görüşdə vurğuladığı kimi, bu tarixi qələbə hərbçilərimizin döyüş meydanında qəhrəmanlığı sayəsində qazanılıb. Üzərinə düşən vəzifələri layiqincə icra edən Ordumuz lokal miqyaslı hərbi əməliyyatlar üçün qeyri-adi sayılacaq yüksək dinamizmlə, cəmi 23 saata düşmənin yaratdığı mühəndis-istehkam qurğularını sıradan çıxıb, təxminən 3.5 min kvadratkilometr ərazimizdə suverenliyimizi təmin edib.

Parlaq qələbələri ilə regionda yeni geosiyasi reallıq yaratmış Azərbaycanın hazırda sülh gündəliyini diktə etməsi Ermənistanı aşkar himayə edən bəzi dövlətləri ciddi narahat edir. Məhz bu səbəbdən də Fransa başqa olmaqla, bəzi Qərb ölkələri və siyasi təsisatları dini-etnik yaxınlıq amillərini əsas tutaraq, Ermənistan və Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verirlər. Qərbin siyasi institutlarının Azərbaycanı müəyyən bəhanələrlə günahlandırmaları, işgal faktını hərb meydanında aradan qaldırması ilə barışa bilməmələri, ilk növbədə, Azərbaycanafob meyillərin təzahürüdür.

Azərbaycanın xarici siyasətinə təsir göstərmək, Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək cəhdləri fiasko ilə nəticələnən Fransa, eləcə də Niderland, Kanada kimi ermənipərəst ölkələrin təxribatçı və pozucu fəaliyyəti ifşa edilərək zərərsizləşdirilir. 2023-cü ilin sonuna Fransanın ölkəmizdə casusluq fəaliyyətinin ifşası, dekabr ayında Bakıdakı səfirliyinin iki əməkdaşının “persona-non-qrata” elan edilərək Azərbaycandan çıxarılmaları, bir Fransa vətəndaşının casusluqda şübhəli bilinərək həbs olunması deyilənlərin əyani göstəricisidir.

Son iki ildə “blokada” və “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı beynəlxaq platformalarda cəbhə açmaq istəyən rəsmi Paris beynəlxalq ictimaiyyətdən dəstək qazana bilməyib. Bütün bunlardan sonra isə Fransa hökuməti aşkar şəkildə Ermənistana silah satışına və yardımına başlayıb. Fransanın məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək, geosiyasi rəqabət imkanı əldə etməkdir. Rəsmi Paris bu məqsədlə Ermənistana şirnikləndirici vədlər verir, İrəvanı Rusiya ilə körpüləri tamamilə yandırmağa təhrik edirlər. Rəsmi İrəvanın qərəzli iddialarının dəstəklənməsi müstəqilliyini qoruyub saxlayan rəsmi Bakıya təzyiq məqsədi güdür. Azərbaycana siyasi təsir göstərmək imkanları olmayan bəzi Qərb ölkələri qərəzli davranışları ilə onu özündən uzaqlaşdırmaq yolu tutublar.

Fransa hakimiyyətinin hazırda Ermənistana birmənalı şəkildə verdiyi “dəstək”, eləcə də bu ölkənin məlum anti-Azərbaycan fəaliyyəti regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurur. Yekun sülh müqaviləsinin imzalanmasının gecikməsi, ölkəmizə qarşı səsləndirdiyi absurd iddialar Ermənistanın öz əleyhinə işləyir, onu müəyyən xarici güclərin əlində vasitəyə çevirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycandan əldə etdiyi tarixi Zəfərdən sonra qətiyyən arxayınlaşmayıb, əksinə milli müdafiə və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını zəruri sayıb. Ordumuzun lokal antiterror tədbirlərindən sonra Ermənistanın bir sıra hərbi təxribatlarının qarşısını alması bir daha təsdiq edib ki, Azərbaycanı hərbi güclə təhdid etmək qeyri-mümkündür.

Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi fikirlər, verdiyi ismarıclar deməyə əsas verir ki, “Qarabağ münaqişəsi” mövzusunu birdəfəlik qapadan Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünü gücləndirməkdə davam edəcək. Danışıqların milli maraqlarımız çərçivəsində aparılması, revanşizm meyillərinin tam şəkildə aradan qaldırılması üçün hərbi təzyiq üsullarından istifadə heç zaman aktuallığını itirmir. 

Silahlı Qüvvələrimizin yeni parametrlər üzrə formalaşdırılması, komando tipli hərbi hissələrin yaradılması peşəkar Ordu quruculuğu məsələlərinin hər zaman aktual olduğunu göstərir. Müdafiə Nazirliyinin dəniz piyadalarının, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin sayının dəfələrlə artırılması ölkəmiz üçün etibarlı təhlükəsizlik çətirinin formalaşdırılması zərurəti ilə şərtlənir.

Müdafiə Nazirliyinin bir sıra ölkələrlə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar, ilk növbədə, regional və qlobal çağırışlarla şərtlənir. Dünyada güclü orduya və  müdafiə sənayesi məhsulları istehsalı potensialına malik İsraillə hərbi əməkdaşlığın genişləndirilməsi bu baxımdan xüsusi vurğulana bilər. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi təmin edilir.

Bütün bunlar deməyə əsas verir ki, Ermənistanın müəyyən ölkələrdən silah və hərbi-sursat əldə etməklə regiondakı qüvvələr nisbətini dəyişmək cəhdləri indiyə qədər olduğu kimi, bundan sonra da iflasa məhkumdur.

MTM Analitik Qrup