İCMA: ABŞ KONQRESİNDƏ KEÇİRİLMİŞ DİNLƏMƏLƏRDƏ ÖLKƏMİZİN ƏLEYHİNƏ SƏSLƏNDİRİLƏN İTTİHAMLAR AZƏRBAYCANLILARA QARŞI AYRI-SEÇKİLİYİN NÖVBƏTİ TƏZAHÜRÜDÜR

Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilmiş dinləmələrlə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik: “Qərbi Azərbaycan İcması olaraq sentyabrın 19-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilmiş “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələrdən dərin narahatlığımızı ifadə edirik. Bu dinləmələr zamanı Azərbaycan əleyhinə səsləndirilən ittihamlar, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin və azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür.

Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə davam etmiş işğal nəticəsində 800 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulmasına və onların geri qayıtmasına maneə törədilməsinə münasibətdə ABŞ Konqresinin göstərdiyi laqeydliyi qınayırıq. Xatırladaq ki, Ermənistanın işğal dövründə törətdiyi genişmiqyaslı dağıntılar, əraziləri minalaması və infrastrukturu məhv etməsi səbəbindən, məcburi köçkünlərin öz evlərinə sürətlə qayıtması hələ də mümkün deyil. Həmçinin Ermənistandan yüz minlərlə azərbaycanlının qovulması və onların geri qayıtmaq hüquqlarının pozulmasına ABŞ Konqresinin göz yumması azərbaycanlılara qarşı ayrı-seçkiliyin digər bariz nümunəsidir.

Dinləmələr zamanı məsələlərin dini çərçivədə təqdim edilməsi də təəssüf doğurur. Bu yanaşma dini və etnik qarşıdurmaları qızışdıraraq regionda sülhə və sabitliyə zərbə vurmaq məqsədi daşıyır.

ABŞ Konqresinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir.

ABŞ tərəfinin sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verməsi və onların tədbirdə iştirakına şərait yaratması bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir. Bundan əlavə, bu kimi dinləmələrin keçirildiyi qanunvericilik orqanının guya müstəqil olması və onların hökumətin siyasətini əks etdirməməsi barədə bəhanələrlə bağlı bildiririk ki, Konqresin sözügedən addımlarının məhz ABŞ administrasiyasının sifarişi ilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur.

Biz Qərbi Azərbaycan İcması olaraq ABŞ Konqresindən bu cür ayrı-seçkili və təxribatçı yanaşmadan əl çəkməyi tələb edirik. Bu mövqe azərbaycanlıların insan hüquqlarını pozur, dini və etnik qarşıdurmanı alovlandırır, sülh prosesinə mane olur və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməklə beynəlxalq hüququ tapdalayır.

Biz, həmçinin ABŞ Konqresini azərbaycanlıların Ermənistana geri qayıtmaq hüquqlarını dəstəkləməyə və regionda ədalətli və davamlı sülhün bərqərar olmasına mane olmamağa çağırırıq.