XİN: ANTİTERROR TƏDBİRLƏRİNDƏ YALNIZ LEGİTİM HƏRBİ İNFRASTRUKTUR VƏ OBYEKTLƏR SIRADAN ÇIXARILMIŞDI

Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 19 sentyabr tarixli bəyanatına dair şərhində yer alıb.

XİN-in mətbuat katibi, həmçinin bildirib ki, yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar veriblər. Bu, onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək, Ermənistandan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir.

A.Hacızadə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yarandığını da diqqətə çatdırıb.