FRANSA ERMƏNİSTANI QIZIŞDIRMAQ SİYASƏTİNDƏN ƏL ÇƏKMİR

Fransa xarici işlər nazirinin Ermənistana səfəri və orada verdiyi bəyanatlar Cənubi Qafqazdakı regional təhlükəsizlik və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə mənfi təsir edəcək hadisədir. Çünki Fransanın vaxtaşırı Ermənistana verdiyi diplomatik və humanitar dəstək, Ermənistanın daxili və xarici siyasətinə təsir imkanları Azərbaycanla münasibətlərin normallaşdırılmasında əsas maneə kimi çıxış edir.

Fransanın xarici işlər naziri Stefan Sejurnenin “Ermənistan suverenliyini müdafiə etməyə qadir olmalıdır” ifadəsi Fransa tərəfindən Ermənistana göstərilən dəstəyin və bu ölkənin öz ərazi bütövlüyünü qorumaq qabiliyyətinin gücləndirilməsi zərurətinə işarə edir. Fransa bu mövqeyi ilə Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn yardımların çoxaldılmasını və Ermənistanın xarici təzyiqlərə qarşı müqavimət göstərmək qabiliyyətinin artırılmasını hədəfləyir. Bununla Fransa Ermənistanın özünü müdafiə edə bilməsi üçün həm diplomatik, həm də hərbi dəstəyini artıracağını bəyan edir.

Fransa xarici işlər nazirinin səfəri bölgədə Rusiyanın, Türkiyənin və Avropa İttifaqının təsir mübarizəsi kontekstində qiymətləndirilməlidir. Lakin Fransanın Ermənistana verdiyi açıq dəstək regionda balansı dəyişdirmək gücünə malik deyil. Rəsmi Paris Ermənistanın təhlükəsizlik narahatlıqlarını qabartmaqla, Azərbaycanın mövqeyinə uyğun gəlməyən bəyanatlar verməklə yalnız regional gərginliyi artıra bilər. Bu, xüsusilə də Ermənistan-Azərbaycan sərhədi boyunca insidentlərin baş verməsi riskini artırır.

Fransanın Ermənistana açıq dəstəyi Bakı ilə İrəvan arasında sülh prosesini daha mürəkkəbləşdirməyə xidmət edir. Rəsmi Paris Azərbaycanın regiondakı mövqeyi ilə barışmaq istəmir və bəzən Ermənistanın maraqlarına daha çox diqqət yetirməklə tarazlığı pozur. Fransa Cənubi Qafqazda diplomatik təsirini qorumaq və Ermənistanı Qərbə yaxınlaşdırmaq üçün açıq dəstək bəyanatları verir. Bunu Ermənistanı daha çox Qərbə yönəltmək və Rusiya təsirindən çıxarmaq üçün həyata keçirilən mexanizm kimi də qiymətləndirmək olar.

Fransa Qafqaz regionunda öz geosiyasi maraqlarını müdafiə etməyə çalışır və Ermənistanla olan yaxın münasibətlərini bu çərçivədə saxlamaq istəyir. Bölgədə əsasən Rusiya və Türkiyənin təsirinin güclü olduğu bir mühitdə Fransa Ermənistan vasitəsilə öz maraqlarını müdafiə etməyi və bu regionda varlığını saxlamağı hədəfləyir. Ermənistana dəstək verməklə, Fransa həm də regionda öz mövqeyini gücləndirir və Qərbin Ermənistan üzərindəki təsirini artırmağa çalışır.

MTM Analitik Qrup