BRİCS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qurucu üzvlərindən olan Rusiya Türkiyənin təşkilata üzvlüyünə dair müəyyən şübhələr irəli sürür. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatında bu skeptisizm daha aydın görünürdü. Lavrov Türkiyənin BRİCS-ə üzvlük tələbinə tamamilə qarşı olmasa da, Türkiyənin NATO üzvü kimi Qərb bloku ilə sıx əlaqələrini vurğulayır və bunun BRİCS-in məqsədləri və prinsipial mövqeləri ilə uyğunlaşmaya biləcəyini bildirdi. Lavrov BRİCS-in BMT-nin fundamental prinsiplərinə və çoxqütblü dünya nizamına sadiqliyi ilə seçildiyini, bununla belə Türkiyənin Qərblə, xüsusilə Ukrayna məsələsində olan münasibətlərinin təşkilatın maraqları ilə uyğunsuz ola biləcəyini qeyd etdi.
Aydındır ki, Türkiyənin BRİCS-ə üzvlüyü Rusiyanın Türkiyə ilə olan ikitərəfli münasibətlərində müəyyən təzyiq vasitəsi kimi dəyərləndirilməyə başlayıb. Rusiya Türkiyənin təşkilata üzvlüyünü özünün siyasi və iqtisadi maraqları üçün istifadə etməyə çalışır. Digər tərəfdən də Türkiyənin NATO ilə münasibətlərində və ya Ukrayna müharibəsinə dair mövqeyində dəyişiklik etməsi üçün üzvlüyü yaxşı təzyiq vasitəsi kimi görür. Lakin Rusiyanın məsələyə hansı prizmadan baxmasından asılı olmayaraq Türkiyənin BRİCS-ə üzvlüyünün təşkilata bir sıra strateji və iqtisadi faydaları ola bilər. Əvvala Türkiyə Asiya ilə Avropa arasında yerləşdiyi üçün strateji baxımdan əhəmiyyətli ölkədir. BRİCS Türkiyənin bu mövqeyindən faydalanaraq Yaxın Şərq, Cənubi Avropa və Mərkəzi Asiya bölgələrində təsirini artırmaq imkanına malik ola bilər. Türkiyənin bu regionlarda güclü iqtisadi və siyasi əlaqələri BRİCS-in qlobal təsir dairəsini genişləndirməyə imkan verər.
Türkiyənin inkişaf edən iqtisadiyyatı BRİCS ölkələri ilə daha güclü iqtisadi əlaqələr yaradaraq yeni bazar imkanları təqdim etmək baxımından da əlverişlidir. Türkiyənin güclü sənaye sektoru, xüsusən avtomobil və tikinti sahələri BRİCS ölkələrinə ixracat potensialını artırar, eyni zamanda Türkiyənin BRİCS ölkələrindən investisiya cəlb etməsinə şərait yaradar. Onu da deyək ki, BRİCS ölkələri, xüsusilə Rusiya və Cənubi Afrika enerji resursları ilə zəngindir. Türkiyə enerji tədarükçüsü olan bu ölkələrlə əməkdaşlığını genişləndirərək öz enerji təhlükəsizliyini təmin edə və BRİCS-in enerji bazarlarına daha geniş çıxış imkanı yarada bilər.
Nəzərə almaq lazımdır ki, BRİCS qlobal iqtisadiyyatda çoxqütblülüyü təşviq edən təşkilatdır. Bu baxımdan BRİCS qlobal səviyyədə daha balanslı iqtisadi sistem qurmaq istədiyi üçün Türkiyə kimi böyük bir ölkənin iştirakı bu prosesi sürətləndirə bilər. Bu prosesdə Türkiyə özü də bi rıra dvidentlər qazana bilər. Türkiyənin BRİCS-ə üzvlüyü ölkəyə bir sıra iqtisadi, siyasi və diplomatik üstünlüklər qazandıra bilər. Bu dvidentlər əsasən iqtisadi müstəvidə olacaq ki, BRİCS ölkələri Türkiyə üçün geniş bazarlar təklif edir. Çin, Hindistan və Braziliya kimi böyük istehlakçı bazarları ilə daha sıx əlaqələrin qurulması Türkiyənin ixracatını artırmağa və iqtisadiyyatını genişləndirməyə kömək edər. Digər tərəfdən BRİCS çərçivəsində imzalanacaq ticarət və investisiya sazişləri Türkiyənin bu ölkələrlə ticarət əlaqələrini daha da asanlaşdırar və tariflərin azaldılması kimi iqtisadi üstünlüklər əldə edilər. Türkiyə eyni zamanda BRİCS ölkələri arasındakı inkişaf fondlarına və maliyyə mexanizmlərinə çıxış əldə edərək, infrastruktur və digər inkişaf layihələrinə investisiya cəlb edə bilər.
Hazırda BRİCS ölkələri qlobal iqtisadiyyatda Qərb mərkəzli maliyyə sistemlərinə qarşı alternativlər yaratmağa çalışır. Türkiyə BRİCS-ə qoşularaq, bu yeni iqtisadi modellərdə öz maraqlarını təmsil edə və qlobal iqtisadi nizamın daha çoxsəviyyəli olmasına töhfə verə bilər. Məsələn, indi BRİCS ölkələri qlobal ticarətdə ABŞ dollarının dominantlığını azaltmaq üçün addımlar atır. Türkiyə BRİCS-ə üzv olmaqla, ticarətini alternativ valyutalarla daha səmərəli şəkildə həyata keçirə bilər ki, bu da iqtisadi sabitliyə töhfə verə bilər.
İndi BRİCS ölkələri, xüsusən Çin və Hindistan sürətlə inkişaf edən texnologiya və innovasiya mərkəzləri olaraq çıxış edir. Türkiyə BRİCS-ə qoşulmaqla, bu ölkələrdən texnoloji bilik transferi və innovativ layihələrdə əməkdaşlıq imkanlarını artırar. Bundan əlavə, Türkiyə BRİCS ölkələri arasında infrastruktur, enerji və kənd təsərrüfatı kimi sahələrdəki təcrübəsini bölüşərək, həm də BRİCS ölkələrinin təcrübəsindən yararlanaraq öz inkişaf layihələrini həyata keçirə bilər. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Türkiyənin BRİCS-ə üzv olması onun iqtisadi, siyasi və strateji mövqeyini gücləndirəcək. Bu addım, Türkiyənin qlobal iqtisadi nizamda yeni imkanlar əldə etməsinə, regional güc balanslarını yenidən qiymətləndirməsinə və geosiyasi baxımdan daha çox müstəqillik qazanmasına kömək edər. BRİCS ölkələri ilə genişlənən əməkdaşlıq Türkiyəyə həm iqtisadi inkişaf, həm də beynəlxalq nüfuz baxımından əhəmiyyətli üstünlüklər qazandıra bilər. Göründüyü kimi, Türkiyənin təşkilata üzvlüyü qarşılıqlı faydaların əldə edilməsi üçün geniş imkanlar açacaq. Bunu Rusiya da bilir. Lakin Moskva hazırda siyasi təzyiq vasitəsi formalaşdırmağa, Ukrayna məsələsində Ankara ilə müəyyən sövdələşməyə getməyə çalışır. Lakin unutmaq olmaz ki, Türkiyənin BRİCS ailəsinə daxil olmasının əhəmiyyəti daha qlobal xarakterlidir və Moskva gec-tez bunu başa düşəcək.
MTM Analitik Qrup